Araik "istefaya" hazırlaşır



Qarabağ ermənilərinin nicatı Azərbaycanla bağlıdır

Təhlükəsiz yaşayışın ən gözəl formulu rəsmi Bakının tələblərinə əməl etməkdir


  Son günlər Qarabağ separatçılarının taleyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür. Bugünədək separatçılara açıq-aşkar dəstək verən, baş separatçı Araik Arutyunyanı dəstəkləyən Rusiya və İrəvan hökumətinin öz dəstəyini çəkdiyi iddia olunur. "Hraparak" qəzezi yazıb ki, Qarabağ separatçılarının başçısı Araik Arutyunyan bundan sonra necə davranacağı ilə bağlı Moskvadan göstəriş gözləyir. Qəzetin iddiasına görə, Nikol Paşinyanla son görüşdən sonra Araik ümidsiz halda Qarabağa qayıdıb: "Çünki Nikol Bakının Azərbaycana inteqrasiyanın alternativi olmadığı barədə tezisləri Araikə hərfi şəkildə izah edib. Arutyunyan hesab edir ki, onun “prezident” kimi işi bitib və artıq "istefaya" getmək lazımdır. Separatçıların “siyasi çevrələrində” onun ya Moskva vasitəsilə fikrindən daşınacağı, ya da "istefa məktubu" yazacağını istisna etmirlər”. Ekspertlərin fikrincə, Qarabağda yaşayan ermənilərlə intensiv görüşlər davam edərsə, reinteqrasiya məsələsi ciddi müzakirə predmetinə çevrilərsə, separatçıların aqibəti də konkretləşər.  
  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə açıqlamasında bildirib ki, hazırda rus sülhməramlılarının nəzarətində olsalar da, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları sayılır. Partiya təmsilçisinin sözlərinə görə, ermənilər anklav ərazidə yaşadıqlarını və gec-tez Azərbaycan qanunlarına tabe olmağın zərurətini dərk etməlidir: "Ermənilər üçün bölgədə rahat və təhlükəsiz yaşayışın ən gözəl formulu rəsmi Bakının tələblərinə əməl etməkdir. Ermənilər özləri də çox gözəl bilir ki, Azərbaycan milləti ölkəmizdə yaşayan heç bir etnikin hüququnu pozmayıb, onlara təzyiq göstərməyib, haqqını əlindən almayıb. Bu mənada ermənilərin Azərbaycan qanunları altında Qarabağda hər hansı təhlükə altında yaşayacaqları, təzyiqlərə məruz qalacaqları iddia oluna bilməz. Separatçılıq meyillərinə düşənlər məhz ermənilər olub. İlk olaraq silaha əl atan, qətl törədən də ermənilər idi. Münaqişənin başlama səbəbkarı da Qarabağda separatçılıqla məşğul olanlar olub. Hazırda Ermənistanın silahlı qüvvələri, separatçı quldur dəstələr Qarabağ ərazisindədir. Onlar Qarabağın erməni əsilli Azərbaycan vətəndaşlarına reinteqrasiya etmək imkanı vermirlər. Açıq-aşkar bu prosesə qarşı çıxır, mane olurlar. Ancaq bizim istəyimiz odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Ona görə də Araik və onun kimilərin fəaliyyətinə imkan verilməməli, separatçıların hamısı bu və ya digər yollarla zərərsizləşdirilməlidir. Əgər separatçılar silahı birdəfəlik yerə qoysalar, absurd iddialarından əl çəksələr, Azərbaycan vətəndaşı kimi normal yaşamağı qəbul etsələr, onlarla bağlı da qərar verilə bilər. Təbii ki, ilk növbədə ermənilər bütün separatçı fəaliyyətdən birmənalı üz döndərməli, bu istiqamətə qətiyyən meyl etməməlidirlər".     
İsmayıl Qocayev