Putin qorxur! 

Mühafizəçi Rusiya Prezidentinin sirrini açdı
  
  Rusiya Prezidenti Vladimir Putinin mühafizəçilərindən biri olmuş Qleb Karakulov Rusiya dövlət başçısının sirrini açıb. Q.Karakulov Putinin sui-qəsd təhlükəsi altında yaşadığını, hər kəsdən, hamıdan şübhələndiyini, bu qorxunun onu paranoikə çevirdiyini deyib. Q.Karakulovun sözlərinə görə, bu qorxuyla da Putin ölkənin müxtəlif bölgələrində özü üçün evlər tikdirib və özəl dəmiryolu xəttiylə hər dəfə bir evə gedib-gəlir. 

“Şərq” “Milliyyet.com.tr”yə istinadən bildirir ki, Q.Karakulov “Putin özünə aid bir aləmin içindədir və reallıq hissini tamamən itirib”, söyləyib. Q.Karakulov ötən il Rusiyanı tərk edib, əslində, ölkədən qaçıb. Ölkə xaricində yaşayan Q.Karakulov Putinlə bağlı bəzi sirləri faş edərək deyib ki, hakimiyyət tərəfindən görülən bütün tədbirlər dövlət başçısının yerini gizlətmək məqsədi daşıyır. Özəl dəmir yolu da bu məqsədlə inşa edilib. 

Bundan əvvəl “Proyekt” araşdırma mərkəzi Putinin Moskvanın Novo-Oqoryov bölgəsində və Qara dəniz sahilindəki Soçi şəhərində “Bocharov Ruchei” malikanəsinə dəmir yolu xətləri çəkildiyini xəbər verib. 

“The Guardian”a danışan Q.Karakulov “Putin dünyadan təcrid edilmiş vəziyyətdədir. Son illərdə həyatı əslində sığınacaq olan şəxsi malikanələrində keçir. Putin təhlükəsizliyinə əmin deyil, həyatı üçün qorxur. Yaxın ətrafı isə ona prezident deyil, “patron” deyə müraciət edir.