Qovulan diplomatlar Azərbaycanı tərk etdilər

Ekspertin fikrincə, rəsmi Bakı bununla mümkün təhlükəni neytrallaşdırır

  Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi İran səfirliyinin 4 əməkdaşı ailələri ilə birlikdə Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək ölkələrinə yola düşüblər. Qeyd edək ki, aprelin 6-da İran səfirliyinin dörd əməkdaşı - Mirmahdi Mirsalampur, Şərif Qurbanəli, Purmərcan Varcovi, Hadı Moğadam, Əsgər Bahari Xoş Mənzər Azərbaycan hökuməti tərəfindən “persona non grata” elan edilib. Bildirilib ki, müəyyən olunmuş şəxslər Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyət göstəriblər. O səbəbdən İran səfirliyindən həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunmuşdu. 
  Siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Bakıdakı səfirlik İranın Azərbaycan daxilində həyata keçirmək istədiyi planların mərkəzi rolunu oynaya bilər. Analitikin qənaətincə, istisna deyil ki, “arzuolunmaz şəxs” elan edilən 4 diplomatın bu addımları idarə edəcək fiqurlar olduğuna dair kəşfiyyat məlumatları olub:
"Ötən ilin noyabrında DTX-nin keçirdiyi əməliyyat da İran səfirliyinin bu kimi fəaliyyətinə dair faktları ortaya çıxardı. Rəsmi məlumatda bildirilirdi ki, “İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər”. Bu fakt İranın Bakıdakı səfirliyi və əməkdaşlarının casusluq, eləcə də digər fəaliyyətlərdə mərkəz və icraçı rolunu oynayacağı ehtimalını artırır. İran şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyatlar onların əl-qolunu bağladığı üçün bu situasiyada diplomatik toxunulmazlığı olan səfirliyin daha “effektiv” fəaliyyət göstərmək imkanları var. Səfirliyin əməkdaşları İran şəbəkəsinin koordinasiya edilməsini, əlaqələrin qurulmasını təmin edə bilərlər. 

Diplomatik toxunulmazlığa görə yoxlanılmayan səfirlik avtomobillərindən casusların ölkədən çıxarılması, yaxud ölkəyə daxil edilməsi, o cümlədən, İran şəbəkəsinin təchizatının həyata keçirilməsi üçün istifadə oluna bilər. Bu təchizatın silah-sursat olması ehtimalı da istisna edilməməlidir. 4 iranlı diplomatın statuslarına uyğun olmayan fəaliyyətin bundan ibarət olduğu, eləcə də gələcəkdə eyni məqsədlə daha genişçaplı işlər görə biləcəyi üçün “persona-non-qrata” elan edildiyi versiyası ön plana çıxır". 
  Ekspertin fikrincə, rəsmi Bakı bununla mümkün təhlükəni neytrallaşdırır: "Bu addımın hazırkı səfirlə müqayisədə daha sərt mövqeyi ilə tanınan və fəaliyyətə başlayacağı təqdirdə Azərbaycanda “iğtişaş ssenariləri”ni tətbiq edə biləcəyi gözləntisi olan yeni səfirin gəlişindən öncə atılması da xüsusilə diqqət çəkir".