Paşinyan anti-Azərbaycan siyasətinə iki qurumu daxil etməyə çalışır - ŞƏRH

KTMT hərbçilərinin Ermənistanla sərhəddə yerləşməsi Avropa İttifaqı ilə Ermənistan arasında münasibətləri kəskinləşdirəcək

"Avropa İttifaqının "mülki missiyası" Ermənistanın arzularını reallaşdırmır".

"Sherg.az"ın xəbərinə görə, bu barədə MCP sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqının yarım hərbi müşahidə missiyasını dəvət edərək, Azərbaycanla sərhəddə prosesləri lehinə dəyişəcəyini hesablayırdı: 

"Paşinyan bununla müşahidə missiyasının Azərbaycan əleyhinə hesabatlar hazırlayacağı, Brüsselin Bakıya qarşı təzyiqləri artıracağını gözləyirdi. Amma Avropa İttifaqının müşahidə missiyası Ermənistanın "arzularını" doğrultmadı. Azərbaycan Ermənistanla şərti sərhəddə yenidən əlverişli yüksəkliklərdə yerləşməklə İrəvanın Avropa İttifaqından gözləntilərinə son qoydu. Ümumiyyətlə, Avropa İttifaqıda Azərbaycanla münasibətləri kəskinləşdirməyi planlaşdırmır. Missiya tərkibində Fransanın destruktiv mövqeyi İrəvanı cəsarətləndirmişdi. Avropa İttifaqının müşahidə missiyası Azərbaycanla şərti sərhəddən bir neçə kilometr aralıda patrul xidməti aparır. Bu da Avropa İttifaqının tərəflər arasında problemin bir hissəsi olmamaq siyasətinin tərkib hissəsidir. Brüssel iki dövlət arasında vasitəçi missiyasında maraqlıdırsa, obyektiv mövqe ortaya qoymaqla, beynəlxalq hüququ rəhbər tutaraq tərəf seçməməlidir".

Ekspertin sözlərinə görə, istəyi həyata keçməyən Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbçilərini Azərbaycanla şərti sərhəddə yerləşdirmək üçün danışıqlara getdi:

"Göründüyü kimi iki stulda oturmağa çalışan Paşinyan anti-Azərbaycan siyasətinə iki qurumu daxil etməyə çalışır. Bu da İrəvanın sülh müqaviləsində maraqlı olmadığını göstərir. KTMT hərbçilərinin Ermənistanla sərhəddə yerləşməsi Avropa İttifaqı ilə Ermənistan arasında münasibətləri kəskinləşdirəcək".