"Rusiya öz suverenliyini də itirə bilər, daha böyük itkilər qabaqdadır" - POLİTOLOQ

"Rusiya-Ukrayna müharibəsi hələ davam edəcək və daha şiddətli xarakter alacaq".

Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Azər Niftiyev deyib. 

Analitik bildirib ki, Rusiya vaxtı ilə Ukrayna və Gürcüstanı işğal edəndə Qərb dairələri, ABŞ, Böyük Britaniya və Avropa ölkələri buna dözüm nümayiş etdirdilər: 

"Qərb Rusiya ilə bütün körpüləri yandırmaq istəmirdi. Ötən il fevralın 28-də başlayan hərbi əməliyyatlar göstərdi ki, Qərb ölkələri Rusiyanın hərəkətlərinə göz yummaq fikrində deyil. Onlar fərqində idi ki, birbaşa Rusiyanın timsalında və rəhbərliyi altında dünyada anti-Qərb mövqeyi güclənməkdədir. Rusiya işğalçılıq siyasətini heç bir halda dayandırmayacaq. Əgər savaş başlayıbsa, onun nəticəsiz bitəcəyini təsəvvür etmək mümkün deyil. Bir il ərzində Ukraynaya Qərb ölkələri tərəfindən böyük məbləğdə maddi yardım edilib, silah-sursat göndərilib. Rusiyanın bütün resursları tükənmək üzrədir. Belə şəraitdə Qərbin geri çəkiləcəyini düşünmək sadəlöhvlük olardı. O baxımdan Ukrayna rəsmilərinin müharibənin gedişatı barədə iddiaları həqiqəti əks etdirir. Rusiya və Ukraynanın iqlimi kifayət qədər soyuqdur. Havalar isinən kimi şiddətli hərbi əməliyyatların şahidi olacağıq. Birmənalı şəkildə nə Rusiyanın, nə də Ukraynanın qalib gəlmək ehtimalı var. Burada qazanan yeganə tərəf Qərb olacaq və Moskvaya öz diktəsini edəcək. Hətta proseslərin fonunda Rusiya öz suverenliyini də itirə bilər. Daha böyük itkilər qabaqdadır. Zəifləyən və tələyə düşdüyünü anlayan Rusiya yeni münaqişə ocaqları yarada bilər. Bu xüsusda ehtiyatlı olmaq lazımdır".