Əli Şamxani eyni fikirləri səsləndirdi


İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır

  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana gedib. O, səfər çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə regiondakı vəziyyəti müzakirə edib. Həmçinin iki ölkə arasında əlaqələr və onların inkişaf perspektivlərindən söz açılıb. Əli Şamxani qeyd edib ki, iki ölkənin iqtisadi və siyasi əlaqələrində sabitlik Tehran və İrəvan arasında dostluq əlaqələrinin mühüm xüsusiyyətlərindən biridir. Şamxani vurğulayıb ki, bütün tərəfləri regional problemlərin qonşuluq və sülh yolu ilə birgə səylərlə həll edilməsinə çağırır: 

“Cənubi Qafqaz regionunun coğrafiyasında baş verən istənilən dəyişiklik regionun təhlükəsizliyinə və sabitliyinə qarşı olan aktorların maraqlarından irəli gələn və gərginlik yaradan hərəkətdir. Davamlı dialoq və əməkdaşlıq regional problemlərin həllinə sərt yanaşmaları əvəz etməlidir”. Cənubi Qafqazda vəziyyətin həssas olduğunu qeyd edən Şamxani ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan təmkinlə gərginliyi tənzimləyə və həll edə biləcək.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Əli Şamxaninin işlətdiyi "Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişiklik regional düşmənlərin əlinə oynayacaq gərginliyin artmasının ölçüsüdür” cümləsi Tehranın Zəngəzur dəhlizinin əleyhinə olduğunu təsdiq edir. Analitikin sözlərinə görə, İran bunu İkinci Qarabağ müharibəsindən sonra dönə-dönə təkrarlayır:

 "Şamxaninin cümləsində “regional düşmənlər” deyilən ölkələrə, yəni İsrail və ABŞ-yə də mesaj var. Görəsən, Şamxani Avropa İttifaqını da “regional düşmənlər” siyahısına aid edirmi? Əgər aid edirsə, Şamxani İrəvanın Avropa İttifaqının müşahidə missiyasını İranla sərhədə yaxın Qərbi Zəngəzurda iki illiyinə yerləşdirilməsi ilə bağlı qərarından narahatlığını erməni həmkarının diqqətinə çatdırmalıydı. Əli Şamxani ötən il iyulun 15-də Bakıda Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə dövlət başçımızı təbrik etmişdi. Belə çıxır ki, Şamxani və onun İrandakı həmfikirləri Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edirlər. Ancaq Azərbaycanın Ermənistanla təmas xəttində möhkəmlənməsini, strateji yüksəkliklərə nəzarət etməsini və Qərbi Zəngəzur dəhlizinin açılması ilə gələcəkdə azərbaycanlıların tarixi torpaqlarına qayıtmasını istəmirlər. Bu, Tehranın siyasətindəki yeganə təzad deyil. Bütün hallarda dialoq yolu ilə hazırkı gərginlikdən çıxış yolları tapılmalıdır".