Gərginlik azalır

Azərbaycan və İran arasında məsləhətləşmələr davam etdiriləcək

Tofiq Zülfüqarov: “İki ölkə qonşu olaraq münasibətləri davam etdirməyə məcburdur. Çünki gərginlik heç kəsə xeyir gətirmir”


  Azərbaycan və İran arasında davam edən gərginlik fonunda iki ölkə rəsmisinin təmasları olub. Aprelin 7 və 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Danışıq zamanı iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. C.Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər. Qeyd edək ki, XİN başçılarının görüşü Türkiyə və İran Prezidentləri Rəcəb Tayyib Ərdoğanla İbrahim Rəisi arasında telefon danışığından sonraya təsadüf edir. İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib ki, Tehran Azərbaycan və İran xarici işlər nazirləri arasında son telefon danışığını müsbət qiymətləndirir. Kənani Azərbaycanın 4 İran diplomatını “persona non-qrata” elan etməsini tələsik addım adlandırıb: “İran regionda qonşu ölkə kimi Azərbaycanla münasibətlərinə önəm verir. Həmişə siyasi dialoqun zəruriliyini vurğulayır və pərdə arxasında mübahisəli məsələlərdən qaçmağa üstünlük verir. Gərginliyə baxmayaraq, Tehran anlaşılmazlıqları dialoq yolu ilə həll etməyə çalışır”. 
  Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir.
  Bu fikirləri də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin aprelin 10-da verdiyi şərhlə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
Mətbuat katibi qeyd edib ki, bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir.
  “Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir”, - deyə Ayxan Hacızadə vurğulayıb.
  Ekspertlər tərəflərin müzakirələrə başlamasını Azərbaycan-İran arasında "buzların əriməsi" kimi dəyərləndiriblər. Onların fikrincə, telefon danışığı Azərbaycanın adekvat addımlarının nəticə verdiyini göstərir. Təbii ki, münasibətlərin həddindən ziyadə gərgin olması nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları məhz Tehran atmalıdır. 
  Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Şərq"ə açıqlamasında bildirib ki, tərəflərin mövcud gərginliyi azaltmağa çalışması normal diplomatik praktikadır. Keçmiş XİN başçısı vurğulayıb ki, gərginliyin əsasında bir neçə məsələ var: "Gərginliyin səbəbkarı İran tərəfidir. Bəllidir ki, diplomatik və siyasi həmlələr nəticə vermir və verə də bilməz. Azərbaycan xüsusən 44 günlük müharibədən sonra siyasi arenada müzəffər ölkə kimi çıxış edir. O baxımdan İranın bu cür davranışını və təhdidlərini qəbul etmir. İki ölkə qonşu olaraq münasibətləri davam etdirməyə məcburdur.  Çünki gərginlik heç kəsə xeyir gətirmir. Azərbaycanın İranla çox geniş ticarəti, iqtisadi münasibətləri mövcuddur. Humanitar baxımdan da gediş-gəliş çoxdur. Xarici işlər nazirlərinin iki ölkə arasındakı gərginliyi müzakirə etməsi normal haldır. Tərəflərin danışıqları nəticəsində bəlli olacaq ki, İranı narahat edən məsələlər nədir? İndiyədək Tehranın narazılığının səbəblərini heç kim başa düşə bilmir. Məsələn, Azərbaycan tərəfinin narazılığı odur ki, İran Ermənistanla bizim ölkəmizə qarşı münasibətlər qurur. Rəsmi Bakı bunu qəbul etmir və narazılığını açıq ifadə edir". 
  T.Zülfüqarov vurğulayıb ki, Azərbaycan istənilən dövlətlə, o cümlədən İsraillə əlaqə qura bilər: "Amma bu, heç də o demək deyil ki, Azərbaycan-İsrail münasibətləri birbaşa İrana qarşıdır. Azərbaycan bir çox sahədə İsraillə əməkdaşlıq edir və bunun da çox yaxşı nəticələri var. Hesab edirəm ki, mövzuların geniş şəkildə müzakirəsi gərginliyin aradan qaldırılmasının yollarını müəyyənləşdirəcək. Siyasətçilərin fikrincə, mətbuatda iki ölkənin bir-biri əleyhinə davamlı yazıları konstruktiv deyil. Baxaq, görək, müzakirələrin nəticələri nə olacaq".