Ermənistanı sülhə gətirəcək addımlara məcbur edəcəyik - ŞƏRH

Müdafiə Nazirliyinin məlumatlarına əsasən deyə bilərik ki, son vaxtlar Ermənistan tərəfindən atəşkəsin pozulması halları mütəmadi hal alıb.

Bu məsələni AZƏRTAC-a şərh edən Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib ki, qarşı tərəfin bütün bu fəaliyyətləri gələcəkdə doğma torpaqlarımıza mülki vətəndaşlarımızın köçürülməsinə qarşı yönəlib. Ona görə Azərbaycan Silahlı Qüvvələri bu istehkam qurğularının qurulmasının qarşısını uğurla alır. Bundan sonra da belə önləmə tədbirlər davam edəcək. Azərbaycan ərazilərində erməni terrorçularına xidmət edəcək heç bir istehkam qurğusu qurula, heç bir mina sahəsi yaradıla, məntəqələrə, yüksəkliklərə hərəkət ola bilməz.

Ehtiyatda olan polkovnik-leytenantın sözlərinə görə, Vətən müharibəsindən ötən iki il yarım ərzində Ermənistan ordusunun təxribatlarının şahidi oluruq. Amma son günlər bu təxribatlar sinxron şəklində həyata keçirilir. Təxribatların sifarişi bir ünvandan gəlir, icraçılar isə müxtəlifdir. Bu icraçılar Ermənistanda hakimiyyətə gəlmək istəyən, bu ölkənin sülh müqaviləsini imzalamasına mane olan qüvvələrdir. Azərbaycanın regionda nüfuzlu, güclü dövlət olduğunu hələ də həzm edə bilməyənlər var. Çünki onlar Azərbaycanı 30 il bundan əvvəlki vəziyyətdə görməyə alışmışlar və ölkəmizin taleyini həll etməyə çalışıblar.

Azərbaycan regionda güc mərkəzlərindən biridir. Ölkəmiz dünyanın aparıcı və güclü orduları olan dövlətlərlə əməkdaşlıq edir və mövqeyini gündən-günə möhkəmləndirir. Odur ki, ərazilərimizlə bağlı maraqlarımıza zidd olan heç bir şərtlər qəbul edilməyəcək. Bunu Vətən müharibəsi ilə hazırkı dövrü müqayisə etsək belə qənaətə gələ bilərik. Eyni zamanda bir neçə istiqamətdə ordumuzun mövqelərinin atəşə tutulması ondan xəbər verir ki, düşmən dövlət sərhədimizin bütün mühüm nöqtələrinə çıxmağa çalışır. Həmçinin xatırladım ki, Qarabağın işğalının səbəblərindən biri olan Xocalı şəhərində 1992-ci ildə törədilmiş soyqırımında on minlərlə kənardan gələn həmin sifarişçilərin əli vardı.

“Hazırda erməni silahlı birləşmələri müxtəlif istiqamətlərdə mühəndis-istehkam işləri aparır. Qarabağ iqtisadi zonasında Ermənistan və onun havadarları döyüş əməliyyatlarının planlamasını həyata keçirmək istəyirlər. Digər tərəfdən Ermənistanda bəzi qüvvələr açıq-aydın şəkildə mətbuatda bəyan edirlər ki, biz döyüşəcəyik. Onlar Azərbaycanla müharibə etmək üçün hazırlaşdıqlarını deyirlər. Hətta uşaqlara hərbi forma geyindirərək əllərinə silah verərək onları bu savaşa cəlb etməyə çalışırlar. Onlar döyüşəcəyi halda biz müdafiə olunacağıq.

Biz strateji səviyyədə müdafiə və əks-hücum əməliyyatı apara bilərik. Bu artıq Vətən müharibəsi dövründəki kimi 44 gün çəkməyəcək. Daha qısa müddətdə bütün silahlı birləşmələr tərksilah oluna bilər. Çünki qarşı tərəfi sülh müqaviləsini imzalamağı məcbur etməyin başqa çarəsi artıq qalmayıb. Orada separatçıların əlindəki bütün silahlar təhvil verilməlidir. Silahlı Qüvvələrimiz Ermənistanın baş naziri Nikol Paşinyanın da tanıdığı ölkəmizin ərazi bütövlüyünü müdafiə etməyə daim hazır və qadirdir. Laçında Prezident şərt olaraq bildirdiyi kimi təkliflər irəli sürülüb. Qarşı tərəfə o zaman güzəşt olunacaq ki, tələblərimiz tamamilə yerinə yetiriləcək. Bir sıra Avropa ölkələri Azərbaycanı bu məsələdə dəstəkləyir və biz öz haqq savaşımızı davam etdirəcəyik”, - deyə hərbi-siyasi ekspert vurğulayıb.

Ekspert bildirib ki, eyni zamanda, bizim hələ də işğal altında olan anklav ərazilərimiz var. Buna görə Ermənistanı sülhə gətirəcək addımlara məcbur edəcəyik. Hazırda ordumuz düşmənə qarşı hazırlıq vəziyyətindədir və törədiləcək bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Bu barədə hərbi-siyasi cəhətdən, istər Rusiya sülhməramlı missiyanın komandanlığına, istərsə də Ermənistan Xarici İşlər Nazirliyinə kəskin şəkildə xəbərdarlıqlar olunub. Ermənistan ordusunun ən çox təxribatlar törətdiyi ərazilərdə aparılacaq antiterror əməliyyatı qanunsuz silahlı birləşmələrin hərbisizləşdirilməsi ilə nəticələnə bilər. Dünya, BMT-nin qəbul etdiyi bütün xəritələrdə həmin anklav ərazilərin Azərbaycan ərazisi olduğu açıq şəkildə göstərilib. Ona görə də bu ərazilər mütləq şəkildə geri qaytarılmalıdır. Necə ki, biz 30 il müddət işğal altında olan şəhər və rayonlarımızı 44 gün ərzində geri qaytardıq.

Elmar Hüseyn vurğulayıb ki, sülhün bərqərar olmasından danışan Ermənistan komandirləri təlimlər keçirir və ərazidə kəşfiyyat aparır. Bu plana görə onlar sülh müqaviləsi imzalamadan əvvəl danışıqlar masasına revanş hərbi əməliyyatlarla gəlməyə çalışırlar. Odur ki, həm sərhəddə, həm də Qarabağda bu təxribatları törətmələri qaçılmaz hala çevrilir. Belə olduğu təqdirdə, kiçik qruplaşmalara qarşı qəfil hücumların qarşısını almaq üçün hərbi əməliyyat keçirmə planlanması aparıla bilər.