Ermənistan 3-5 ildən sonra nə edə bilər ki...  - ŞƏRH



İki dövlət arasında münasibətlərin olmasını istəmirlər


  Ermənistan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirir.  Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaradır. Əgər Ermənistan bölgədə sülh və əmin-amanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır.
  Erməni politoloq Aram Sarkisyan bildirib ki, Ermənistan çox ağrılı addımla razılaşdı, çünki strateji müttəfiqləri (Rusiya nəzərdə tutulur – red.) onlar üçün ən əlverişsiz həll yolunun tərəfdarıdır: “Azərbaycana təsir etmək və hərbi balansı bərpa etmək iqtidarında olan yeni müttəfiqlər bir çox yerlərdə belə bir həll yolundan istifadə ediblər və xoşbəxtlikdən, nəticələr pis deyil:
Ermənistana daha 3-5 il zəmanətli sülh lazımdır, əminəm ki, bundan sonra Azərbaycan sərhəddəki toqquşmalardan, qeyri-sabitlikdən şikayətlənəcək”.
Rusiyanın uduzacağına əminliyini ifadə edən Sarkisyan sonra “növbənin” Azərbaycana gələcəyini iddia edib.
  O, regional iqtisadi-siyasi formata qarşı da çıxıb: “3+3 formatlı proqramlarla Qərbi regiondan sıxışdırmağa çalışan liderlər bağışlanmayacaq”.
   Erməni siyasi şərhçinin fikirlərinə münasibət bildirən siyasi elmlər doktoru, professor  Cümşüd Nuriyev “Sherg.az" açıqlamasında erməni politoloqun sözlərinin  publikaya hesablandığını vurğulayıb: “Ermənistan 3-5 ildən sonra nə edə bilər ki, Azərbaycan toqquşmalardan şikayətlənsin?! Rusiyadan tapşırıq alıblar. İki dövlət arasında münasibətin olmamasını istəyirlər. Rusiyanın  gələcəkdə yarana biləcək Azərbaycan-Ermənistan qarşıdurmasından yararlanması nəzərdə tutulub. Amma bu mümkünsüzdür. İki ildən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlı kontingentin  5 illik qalma müddəti bitir. Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb, çox ciddi təxribat törədə bilmirlər. Ermənistanın daxilində narahatlıq var. İrəvan əhalisi Azərbaycan Ordusunun ora daxil olmasından qorxur. 
  Azərbaycan kənardan gələn bütün ekoloji, siyasi, iqtisadi, hərbi təhdidlərə qarşı tədbirlər görür. Ermənistan indi də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində, Arazdəyəndə ABŞ şirkəti ilə birgə iri metallurgiya zavodunu inşa etmək niyyətindədir. Bu da Naxçıvan üçün ekoloji təhdid, ekoloji terror anlamına gəlir. Mediada məsələ işıqlandırılır.  Dövlət də planlarına  uyğun olaraq  müvafiq addımlar atacaq".

Nizam Məhərrəmov,
 BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi