ABŞ  sülh danışıqları istiqamətində irəliləyişləri qoruyub saxlamaq istəyir

Entoni Blinken Prezident İlham Əliyevə zəng edib

Azərbaycan sülhün əldə olunmasında israrlıdır, bu istiqamətdə atılmış addımlar müsbət nəticələr verməkdədir


  İyulun 12-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Entoni Blinken ölkəsinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib. Danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. Blinken Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlət başçısı ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Həmçinin yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib. Prezident Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən qaçaqmalçılıq halları aşkar edildiyini vurğulayıb. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ Dövlət katibinin Prezidentə zəng, bir neçə gün öncə Ermənistan Baş naziri N.Paşinyana telefon açması ona dəlalət edir ki, ABŞ əldə edilmiş sülh danışıqları istiqamətində irəliləyişləri qoruyub saxlamaq istəyir. Millət vəkilinin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır: "ABŞ hesab edir ki, sülh müqaviləsinin imzalanmasında iki ölkənin qarşılıqlı danışıqları, müzakirələri daha mühüm və faydalıdır: "Üçüncü tərəfin müdaxiləsinə yol vermək olmaz. Amerika Birləşmiş Ştatları sadəcə görüş üçün öz məkanını təqdim edir. Öz vasitəçilik missiyasını gündəmə gətirir. Eləcə də Brüssel bunu edir. O baxımdan Blinkenin məhz indiki məqamda zəngi həddindən artıq vacibdir. Niyə məhz indiki məqamda? Ona görə ki, Ermənistandakı müxtəlif qüvvələr, strukturlar iş başındadır. Ermənistanda fərqli tərəflər çoxdur və birləşə bilmirlər. Orduya başqa adamlar, iqtisadiyyata ayrı qüvvələr rəhbərlik edir. Erməni diasporundan alət kimi istifadə olunur və s. Belə məqamda cənab Prezident növbəti dəfə diqqətə çatdırdı ki, Azərbaycanın sülh istiqamətində mövqeyi dəyişməzdir. Sülhün əldə olunmasında israrlıyıq. Bu istiqamətdə atılmış addımlar müsbət nəticələr verməkdədir. Elə sülh prosesində müəyyən irəliləyiş nəzərə çarpdıqca, bundan narahat olan qüvvələr aktivləşir. Laçın yolunda insidentlər baş verir, gərginlik yaradılır. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsindən istifadə edərək qəsdən təşkilatın imicinə də zərbə vururlar".

  Parlament üzvü vurğulayıb ki, burada iki əsas məqam var: "Azərbaycan sülh danışıqlarında israrlıdır. Təxribat cəhdlərinə, müxtəlif qüvvələrin sülhü pozması təşəbbüslərinə baxmayaraq, sülhün əldə olunması həm ABŞ, həm də Azərbaycan üçün gündəmdədir və vacibdir. Rəsmi Bakının sülhlə bağlı təklifləri ABŞ və Brüssel tərəfindən qəbul olunur. Amma Fransa və Ermənistan tərəfindən qorxaqcasına qəbul edilmir. Son hadisələr də göstərir ki, Rusiya da anlaşılmaz mövqe sərgiləyir. Qarabağdakı separatçılara silah-sursat daşınması, oradakı ermənilər arasında təbliğat aparılması faktları sübut edir ki, Rusiya da başqa mövqedən çıxış edir. Yəni Rusiya iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, regionda öz nüfuzunun saxlanması istiqamətində daha çox çalışır. Bu isə sülhə gedən yol deyil".