Rusiyaya qarşı əllər birləşir - Vaşinqton Qafqazda...

Paşinyan fərqindədir ki, Ağ Evin təlimatlarını qulaqardına vurarsa, hakimiyyəti sual altına düşər
“Görünən odur ki, indiki Ermənistan hökuməti əvvəlki hakimiyyətlərin Rusiya ilə bağlı qərarlarını məhz ABŞ-nin təzyiqi ilə ləğv etmək ərəfəsindədir"
  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi müzakirə olunub. “İravunk” nəşri məlumat yayıb ki, ABŞ tərəfindən Qriqoryana yeddi tələb təqdim olunub. Qeyd olunub ki, sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır. Həmçinin Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürməlidir. Zəngəzur bölgəsində Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək struktur Bakı tərəfindən açılmalıdır. Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürməlidir. Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürməlidir. Zəngəzur dəhlizi beynəlxalq gömrük təşkilatının iştirakı ilə, yəni Rusiyanın iştirakı olmadan açılmalıdır. Ermənistan Qarabağdan tamamilə imtina etməlidir.
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında bildirib ki, gündəmə gətirilən məqamlar qulağa xoş gəlsə də, iddia olunan tələblərlə bağlı dəqiqlik və zəmanət yoxdur. Professorun sözlərinə görə, əgər ABŞ öz siyasətini radikal formada dəyişibsə, bu çox müsbət haldır: "Amerikanın 30 il ərzində sərgilədiyi mövqe bəllidir. 907-ci düzəliş də daxil olmaqla atılan bir sıra addımlar, dövlət büdcəsindən Qarabağdakı qondarma rejimə ayrılan maddi yardımlar, ərazi bütövlüyümüzü tanımamaq və s. məsələlər də göstərirdi ki, Vaşinqton rəsmi Bakıya kifayət qədər haqsızlıq edir: "Ağ Evin "siyasi vicdanı"nın oyanması, Azərbaycanın gündəmə gətirdiyi reallıqların qəbul edilməsi təqdirəlayiq olardı. Lakin sadalanan bəndləri ilk növbədə Vaşinqton özü təsdiqləməli, rəsmiləşdirməlidir. Amerikalılar tələblərini adətən öz media orqanlarında yayırlar. Hansısa qapalı görüşdə erməni tərəfinə müəyyən tapşırıqlar verilə bilər. Zəngəzur dəhlizi və azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarına qayıtması ilə bağlı tələblərdə ABŞ-nin də maraqlı olması şübhə doğurmur. Çünki Amerika yaxşı bilir ki, Rusiya öz silahlı qüvvələrini Ermənistana, Azərbaycanla sərhəd bölgələrə yerləşdirmək istəyir. Bu da Vaşinqtonun qətiyyən xoşuna gəlmir. Görünən odur ki, indiki Ermənistan hökuməti əvvəlki hakimiyyətlərin Rusiya ilə bağlı qərarlarını məhz ABŞ-nin təzyiqi ilə ləğv etmək ərəfəsindədir".

  C.Nuriyev diqqətə çatdırıb ki, ABŞ-nin milli maraqları adətən iqtisadi maraqları ilə üst-üstə düşür: "Hazırda Amerikanın siyasi maraqları Cənubi Qafqazla əlaqəli olduğuna görə regionun əsas gücünün, yəni Azərbaycanın mənafeyinə uyğun addımların atılmasını istəyirlər. O baxımdan Vaşinqtonun müəyyən tələbləri reallığı əks etdirir. Paşinyan da fərqindədir ki, Ağ Evin təlimatlarını qulaqardına vurarsa, hakimiyyəti sual altına düşər. Onsuz da Paşinyan Qarabağın Azərbaycanın olmasını qəbul edir, anklavlar haqqında fikrini söyləyir".