Özbəkistan və Azərbaycan - düşmənə göz dağı, dosta güvən

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Özbəkistan Azərbaycana hər zaman yaxın və doğma olub

Biz bir-birimizi fərqli saymırıq, çünki eyni millətik, mədəniyyətimiz, keçmişimiz və gələcəyimiz birdir


  Prezident İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib. Ölkə başçısı ikili əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından Özbəkistanın Baş naziri Abdulla Aripovun ölkəmizə səfərinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı bu yaxınlarda Özbəkistan Prezidenti ilə telefon danışığını xatırladaraq söhbət zamanı Şavkat Mirziyoyevi seçkilərdə inamlı qələbə münasibətilə təbrik etdiyini və əlaqələrimizin bütün istiqamətlərdə müsbət inkişaf dinamikasına malik olmasından məmnunluq ifadə edildiyini bildirib. Görüşdə müəyyən edilmiş prioritet sahələr və bu istiqamətdə görülmüş işlərin nəticələrinin çox müsbət olduğu qeyd edilib. İqtisadi-ticarət, investisiyalar, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye sahələrində yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. İkitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirib. Abdulla Aripov ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Vurğulayıb ki, Özbəkistan rəhbəri həmişə dostu və qardaşı Prezident İlham Əliyevə təmaslardan böyük məmnunluq duyduğunu bildirir. Dövlət başçısı salamlara görə minnətdarlığını ifadə edib. Onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib. Abdulla Aripov Özbəkistanda keçirilmiş seçkilərdən sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz Prezident İlham Əliyev olduğunu qeyd edərək vurğulayıb ki, bu da dövlət başçıları və ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsidir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın çox böyük uğurlar əldə etdiyini deyən Özbəkistanın Baş naziri Bakının inkişafının onlarda dərin təəssürat hissi yaratdığını deyib. Qonaq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini vurğulayıb. Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd olunub. Azərbaycanda yaradılmış azad iqtisadi zonada Özbəkistan şirkətlərinin iştirakı perspektivləri, hökumətlərarası komissiyanın fəaliyyəti və iyulun 18-də Şuşada keçirilən Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasının önəmi qeyd edilib. 
  Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasında dərin tarixi və mədəni bağlar mövcuddur. Azərbaycan-Özbəkistan münasibətləri Prezident İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir. Türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan–Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir. Eyni zamanda Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək. Xatırladaq ki, ötən ilin iyun ayında dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə Daşkənddə keçirilən Özbək-Azərbaycan biznes forumu ölkələr arasında əlaqələrin inkişafına yeni impuls verib. Forum çərçivəsində müxtəlif sahələri əhatə edən qurumlar arasında əməkdaşlıq memorandumları, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyi, həmçinin hər iki ölkənin elmlər akademiyaları arasında elmi əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. 2022-ci ilin sentyabrında AMEA Mərkəzi Elmi Kitabxanası və Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi arasında, cari ilin fevralında isə AMEA və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb. “Mədəni irs obyektlərinin qorunması və istifadəsi: nəzəri və tətbiqi istiqamətlər”, “Əlişir Nəvai və XXI əsr” və s. müştərək elmi konfransların keçirilməsi AMEA ilə Özbəkistanın müvafiq elm və təhsil qurumları arasında genişlənən əlaqələrin bariz nümunəsidir. Bundan əlavə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi, Əlişir Nəvai adına ədəbiyyatşünaslıq mərkəzi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan mərkəz, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi, Səmərqənddə yerləşən Dostluq Evində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın Milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bir sözlə, ikitərəfli əməkdaşlığa dair saysız-hesabsız nümunələr sadalamaq olar.
  İki ölkə arasında münasibətlərin inkişafını "Sherg.az"a təhlil edən siyasi şərhçi Azər Həsrət bildirib ki, qardaş ölkə Özbəkistanla Azərbaycanın münasibətləri istər sovet dönəmində, istər ondan öncəki illərdə, istərsə də qədim tarixdə hər zaman yaxın və doğma olub. Ekspertin sözlərinə görə, müstəqillik dövründə, yəni 1991-ci ildən bu yana Azərbaycanla qardaş Özbəkistan arasında münasibətlər ən yüksək səviyyədədir: "Təsadüfi deyil ki, Özbəkistan Orta Asiya ölkələri arasında yeganə dövlətdir ki, Ermənistanla diplomatik münasibətlər qurmur. Onlar Azərbaycan torpaqlarını işğal etmiş bir dövlətlə yaxın əlaqələrə maraq göstərməyiblər. Bunun özü çox məsələdən xəbər verir. Şəxsən Özbəkistanı yaxşı tanıyan, qardaş ölkə ilə geniş əlaqələrə malik biri kimi deyirəm ki, həqiqətən özbək bacı-qardaşlarımız Azərbaycana və azərbaycanlılara çox doğma münasibət göstərirlər. Onlar bizi özlərindən fərqli saymırlar. Eləcə də biz özümüzü onlardan fərqli saymırıq, çünki eyni millətik. Mədəniyyətimiz, keçmişimiz və gələcəyimiz birdir. Prezidentlərimiz arasındakı dostluq, qardaşlıq münasibətləri də bütün dünyaya örnək olacaq səviyyədədir. Bu baxımdan Özbəkistanla Azərbaycanın münasibətləri təqdirəlayiq səviyyədədir. Nəzərə almalıyıq ki, indiki Prezident Şavkat Mirziyoyevin dövründə müəyyən siyasi anlaşmazlıq səbəbindən Türk Dövlətləri Təşkilatından kənarda qalan qardaş Özbəkistanda bu təşkilatın tamhüquqlu fəal üzvlərindən birinə çevrilib. Bunlar sevindiricidir. Şübhə yox ki, iki qardaş ölkənin əlaqələri düşmənə göz dağı, dosta güvən verir".