Xankəndidə siyasi həyasızlıq!  -  Politoloq

Başqa yolumuz yoxdur

Xankəndi ermənilərini bölgədə təxribatların davam etməsində maraqlı olan xarici güclərin əlindən almalıyıq 

“Brüssel görüşünün yekun nəticəsinə görə, Avropa İttifaqı Qarabağdakı erməni əhalisinin ərzaq təminatının Ağdamdan çatdırılmasını dəstəkləyib. Bu, olduqca mühüm məsələdir”



  "Ümumilikdə Brüssel prosesi və həmçinin son görüşdəki razılaşma, həqiqətən də, regionda davamlı sülhün əldə olunmasına yönəlib". 

Bu barədə "Sherg.az"a Azərbaycan Demokratik Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov deyib. 

Analitik vurğulayıb ki, Moskvanın bundan dərhal qıcıqlanması və Xankəndidə başladılan siyasi həyasızlıq da onu təsdiq edir ki, Avropa İttifaqı Rusiyadan fərqli olaraq, həqiqətən də, bölgədə sülhün tezliklə bərqərar olmasında maraqlıdır: 

"Rusiyanın yaratmağa çalışdığı maneələrə və gizli-aşkar təhdidlərə baxmayaraq, Brüssel prosesini ləngitmədən həyata keçirtmək lazımdır. Bunun üçün Ermənistan rəhbərliyindən də siyasi qətiyyət və əzmkarlıq tələb olunur. Hələlik görünən də odur ki, liderlər bu prosesi başa çatdırmaq əzmindədirlər. Brüssel görüşünün yekun nəticəsinə görə, Avropa İttifaqı Qarabağdakı erməni əhalisinin ərzaq təminatının Ağdamdan çatdırılmasını dəstəkləyib. Bu, olduqca mühüm məsələdir. Azərbaycan öz ərazisində humanitar yardımı özü təşkil etməlidir. Xankəndi Azərbaycanın mübahisəsiz tərkib hissəsidir və kimin nə deməsinə baxmayaraq, ora kənar müdaxilələr sıfıra endirilməlidir. Azərbaycan vətəndaşı olaraq qalmaq istəyən Xankəndi ermənilərini də bölgədə təxribatların davam etməsində maraqlı olan xarici güclərin əlindən almalıyıq. Başqa yolumuz yoxdur". 
  Məlumat üçün deyək ki, iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Brüsseldə keçirilən bu danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib.