İkibaşlı siyasət: “Rusiyanın "qarnının azarı"...

Kremlin Azərbaycanı şantaj eləmək şansı yoxdur

Rusiya Üçtərəfli bəyanatın heç bir bəndini icra etməyib

Sülh sazişindən sonra Qarabağda Rusiya sülhməramlı qüvvələrinin qalmasına heç bir hüquqi əsas qalmayacaq



  Rusiya Xarici İşlər Nazirliyinin Üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib. Qeyd olunub ki, Rusiya XİN-in bəyanatı Azərbaycan və Rusiya arasındakı bəyannaməyə, o cümlədən Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışlarla uyğunsuzluq təşkil edir. Rəsmi Bakı xatırladıb ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır. Ölkəmiz həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib. Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib. 
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, Kreml əsl niyyətini ortaya qoymaqdadır. Onun sözlərinə görə, Rusiya heç vaxt səmimi olmayıb: 

"Rusiya  XİN öz bəyanatı ilə nə qədər aqressiv, ikiüzlü olduğunu göstərdi. Amma bunun Azərbaycan üçün əhəmiyyəti yoxdur. Üçtərəfli bəyanata istinad edən Rusiya XİN bilməlidir ki, həmin saziş heç bir dövlət tərəfindən ratifikasiya olunmayıb. Onun hüquqi qüvvəsi yoxdur. Sadəcə, dövlətlərarası razılaşma kimi üç ölkə öz fikirlərini bəyan ediblər. Lakin hüquqi cəhətdən icra etmək üçün öhdəlik götürülməyib. Rus sülhməramlılarını gecə ikən tələsik Qarabağa yerləşdirən və o gündən etibarən təxribatlara əl atan Rusiya imza atdığı Üçtərəfli bəyanatın heç bir bəndini icra etməyib. Belə məqamda Rusiya rəsmiləri hansı üzlə, hansı haqla açıqlama verirlər?! Azərbaycanın ərazi bütövlüyünə müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur. Təsəvvür edin, Rusiya narahatlıqla sual edir ki, "niyə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb?". Niyə tanımamalıdır ki? Azərbaycan unitar bir dövlətdir. Ağılları Gürcüstana, Moldovaya getməsin. Rusiyanın bizi şantaj eləmək şansı yoxdur. Ukrayna Rusiyanı məhv edib".

C.Nuriyev vurğulayıb ki, Rusiya Azərbaycanla 22 fevral 2022-ci il tarixində imzaladığı 43 bənddən ibarət bəyannamənin də müddəalarını pozur: 
"Kreml bir tərəfdən rəsmi Bakını strateji tərəfdaş adlandırır, yaxın qonşuluq münasibətlərindən danışır. Digər yandan Azərbaycanı özünün "əyaləti" kimi görmək istəyir. Möhtərəm Putin, bura Ermənistan yox, Azərbaycandır. Artıq İrəvan da rəsmi Bakının şərtlərini qəbul etməkdədir. Rusiyanın "qarnının azarı" başqa məsələdir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Qarabağda Rusiya sülhməramlı qüvvələrinin qalmasına heç bir hüquqi əsas qalmayacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və sərhədlərin delimitasiyası gündəmə gələcək. Moskvanı narahat edən məqam budur. Qarabağdakı təxribatların, mina terrorunun davam etməsinin də pərdəarxası səbəbləri bununla bağlıdır. Rusiya ordusu Qarabağda kommersiya ilə məşğuldur. Telefon satırlar, maşınları müşayiət etmək üçün 10 min dollar pul tələb edirlər. Deməli, həmin maşınlarda azı 100 min dollarlıq qaçaqmal var ki, onu keçirmək üçün 10 mini ruslara verməyə razı olurlar. Digər yandan da hay-küy edirlər ki, guya, oradakı ermənilər acından ölür, ərzaq qıtlığı yaşanır və s.". 

  Analitik bəyan edib ki, öz ölkəmizin ərazisində hansı yolu açıb, hansını bağlı tutacağımızın Rusiyaya dəxli yoxdur: 
"Rusiya unudur ki, artıq Laçın "dəhlizindən" söhbət getmir, indi istifadə olunan adi yoldur. Onunla bağlı birbaşa qərar da Azərbaycana aiddir. Rusiya hər zaman ki, ikibaşlı siyasət yürüdür. Bir tərəfdən erməniləri təxribata çəkir, digər yandan bizi təhrik edirlər ki, bölgədə qarşıdurma, gərginlik yaransın".