Paşinyan reallıqlara bir gözü ilə baxır 

Vaxt daralır

Sülh danışıqları addım-addım deyil, millimetr-millimetr irəliləyir

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sənəd üzərində tanımalıdır


  Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Brüssel görüşündə əldə edilən razılaşmalardan danışıb. Baş nazir vurğulayıb ki, iyulun 15-də Brüsseldə keçirilən görüşdə Azərbaycan və Ermənistan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdığını və bunun əsasında sərhədlərin delimitasiyası və demarkasiyasını keçirmək niyyətini təsdiqləyib. O, yaxın vaxtlarda delimitasiyanın kartoqrafik əsaslarının dəqiqləşdiriləcəyini qeyd edib. Baş nazir vurğulayıb ki, görüşdə həmçinin regional kommunikasiyaların açılmasının tərəflərin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsipi əsasında olması da gündəmdə olub: “Humanitar məsələlərə toxunaraq deyə bilərəm ki, Azərbaycan bu mövzuda beynəlxalq tərəfdaşlara verdiyi vədləri pozmaqda davam edir, lakin biz əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı işi yorulmadan davam etdirməliyik”. 
 
 Erməni politoloq Qrant-Melik Şahnazaryan deyib ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycanın Qarabağa Ağdam vasitəsilə humanitar yardım göndərməyə hazır olmasını alqışlayır: “Əslində, bəyanat danışıqlarda iştirak edən tərəflərlə razılaşdırılıb. Daha doğrusu, Paşinyan sadəcə oturub və onların Əliyevin Qarabağa kömək əli uzatmağa hazır olmasını necə alqışlamalarına qulaq asıb”. Bu arada Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesini də müzakirə edəcəklər. Nazirlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı səylərə və bu istiqamətdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətinə toxunacaqlar.
  
Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları addım-addım deyil, millimetr-millimetr irəliləyir. Deputat vurğulayıb ki, İrəvan hökuməti başa düşür ki, Ermənistanın mövcudluğu və gələcəyi Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır: "Ermənistanın dünyaya çıxışı ancaq Azərbaycan və Türkiyə vasitəsilə mümkündür. Ermənilər hər iki ölkəyə qarşı ərazi iddiasında olduğuna görə sərhədlər bağlıdır.
Əslində ötən müddət ərzində Ermənistan cəmiyyətində, insanların beynində bir ayılma olmalı idi, lakin proses çox ləng gedir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını ifadə edirlər, digər yandan ölkəmizin daxili işlərinə qarışacaq bəyanatlar səsləndirirlər. Bundan əlavə ərazilərimizdə 10 mindən artıq hərbi kontingent saxlamağa davam edirlər. Yəni məsələ çox mürəkkəbdir. Bununla belə Ermənistan tərəfi heç olmasa sözdə bildirir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ancaq rəsmi Bakı isə İrəvandan tələb edir ki, bunu sənəd üzərində qəbul etsin, tanısın. Sərhədlərimizin toxunulmazlığını qəbul edirsə, silahlı dəstələrini ərazimizdən çıxarsın. Azərbaycanın daxili işlərinə qarışmasın. Yoxsa Paşinyan bir söz deyir, xarici işlər naziri tamam fərqli söz söyləyir. Parlament sədri ayrı fikir bəyan edir. Məsələlərə birdəfəlik aydınlıq gətirilməlidir". 
  
Parlament üzvü vurğulayıb ki, Avropa Azərbaycan-Ermənistan arasındakı problemin öz həllin tapmasını istəyir. Çünki Cənubi Qafqaz regionu Qərblə Şərqin kəsişdiyi bir bölgədir: "Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycan bu regionda yerləşir. Həm də həssas bölgədir. Bir tərəfdən Rusiya, digər yandan İran, Türkiyə və Orta Asiyaya çıxış və s. amillər mühüm rol oynayır. O baxımdan Qərb dünyasında da bölgədə sülhün bərqərar olmasında maraqlı olan güclər mövcuddur. Ancaq o da nəzərə alınmalıdır ki, xaricdəki erməni lobbisi, diaspora hələ də radikal mövqedədir. Onlar hələ də özlərini Ermənistanın iqtidarı kimi aparırlar. Verdikləri bəyanatlar da ancaq gərginliyə, müharibəyə aparır. Bütün hallarda Azərbaycan prinsipiallıqla öz mövqeyini açıqlayır və bu istiqamətdə addımlar atır. Ermənistan tərəfi də sözdən irəliyə keçməlidir. Sülh müqaviləsi regiona, ilk növbədə Ermənistana lazımdır. Cənab Prezidentimizin də vurğuladığı kimi, biz sülh müqaviləsi olmasa da, keçinə bilərik. Məqsədimiz regionda stabilliyin birdəfəlik təmin olunmasıdır".