"Kanadanın qatı ermənipərəst dövlət olduğu şübhə doğurmur"

İndi onlar da Ermənistana Avropa Birliyinin müşahidə missiyası tərkibində dəstək vermək niyyətini reallaşdırmağa çalışır


Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Kanadanın Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına töhfə vermək təklifini təsdiqləyib. Komitə Kanadanın töhfəsini əhəmiyyətli hesab edib:

 “Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır”. Məlumatda deyilir ki, qərar qəbul olunduğu gündən qüvvəyə minir. Xatırladaq ki, Avropa İttifaqı Şurası yanvarın 23-də Ermənistanda Avropa İttifaqının mülki missiyasının yaradılmasına razılıq verib. Missiyanın müddəti iki il olacaq. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir. Məlumatda qeyd olunub ki, Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək:

 "Bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya, həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”. Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell isə qeyd edib ki, Ermənistanda missiyanın yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir: “Aİ gərginliyin azaldılması səylərini dəstəkləməkdə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq qalır”. Məlumat üçün bildirək ki, 2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb. Daha sonra missiya iki il müddətinə uzadılıb. 
  
Politoloq Elçin Xalibəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa Birliyinin Ermənistandakı mülki missiyası Cənubi Qafqaz uğrunda mübarizədə istifadə olunan mexanizmlərdən biridir. Analitik vurğulayıb ki, bu missiyanın tərkibi də onu təsdiqləyir ki, əsas məqsəd sərhəd bölgəsində baş verənləri müşahidə etmək deyil: 

"Yəni əsas məqsəd bu məqamın arxasında gizlədilib. Bu baxımdan, Avropa Birliyinin müşahidə missiyasının qarşısında əsas hədəf Rusiyanın Ermənistandakı hərbi obyektləri barədə kəşfiyyat materialları toplamaqdır. Ona görə də hesab etmək olar ki, Avropa Birliyinin müşahidə missiyası hazırda Cənubi Qafqazda Rusiya əleyhinə fəaliyyət göstərir. Bu mülki missiyada təmsil olunan ölkələr, xüsusilə də Fransa Cənubi Qafqazda yerləşmək üçün bu qurumu icad ediblər. Bu reallığı rəsmi Bakı həmişə diqqətdə saxlayır. Eləcə də, Rusiya öz hərbi obyektlərinin ətrafında kəşfiyyat əməliyyatları aparıldığını anlayır. Ona görə də Avropa Birliyinin mülki missiyasını öz təyinatından kənar fəaliyyət göstərən kəşfiyyat qruplaşması da hesab etmək olar. Kanadaya gəldikdəsə, bu ölkənin qatı ermənipərəst dövlət olduğu şübhə doğurmayan reallıqdır. İndi Kanada da Ermənistana Avropa Birliyinin müşahidə missiyası tərkibində dəstək vermək niyyətini reallaşdırmağa çalışır. Ancaq Kanadanın da əsas hədəfi məhz bu missiyanın tərkibinə daxil olmaqla, Cənubi Qafqazda yerləşmək şansı qazanmaqdan ibarətdir. İndi bir çox dünya ölkələri Cənubi Qafqazda reallaşdırılacaq geoiqtisadi və geostrateji layihələrdə iştirak etmək üçün müəyyən cəhdlər göstərirlər. Və böyük ehtimalla Kanada da həmin cəlbedici layihələrdən kənarda qalmaq istəmir".