Separatçılara tapşırıq uzaqdan gəlmir - Turab Rzayev

Rusiya açıq-aşkar Vaşinqton və Brüssel formatlarına qarşı mübarizə aparır


Qarabağda separatçılar arasında əməlli-başlı çaxnaşma, qaynaşma müşahidə olunur. Son günlər aksiyalar təşkil edən separatçılar Bakı və Qərb əleyhinə şüarlar səsləndirirlər. Həm də erməniləri təhdidlə, şantajla qorxudur, Azərbaycana qarşı mübarizəyə səsləyirlər. Bununla yanaşı, Qarabağdakı erməni silahlı birləşmələri davamlı təxribatlara əl atır, silahlanır, atəşkəsi pozur, kəşfiyyat məqsədi ilə addımlar atmağa cəhd edir, səngərlər qazır və s. Demək olar ki, hər gün Laçın və Naxçıvan istiqamətində şərti sərhədlərimizdə, o cümlədən Ağdam və Şuşa istiqamətində də təxribatlar törədilir. 
  
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı çıxan qüvvələrin başında Rusiya dayanır. Analitik vurğulayıb ki, Vaşinqton, yaxud Brüssel görüşlərində tərəflər arasında yaxınlaşma olan kimi Rusiya bunun əleyhinə açıqlamalar verir: 

"Sonuncu Brüssel görüşündə də Kreml informasiyalar yaydı ki, guya, Avropa İttifaqı tərəflər arasında sülh prosesini sabotaj edir. Qərbin təşəbbüslərindən sonra Moskva iddia edir ki, Azərbaycan və Ermənistan arasında ancaq Rusiya vasitəçi ola bilər. Kremldən tərəflərə görüş üçün dəvət göndərildiyi iddia olundu. Ancaq İrəvan bunu təkzib etdi, bildirdi ki, Kremldən görüş dəvəti almayıblar. Göründüyü kimi, Rusiya açıq-aşkar Vaşinqton və Brüssel formatlarına qarşı mübarizə aparır. Bunun əvəzində özü ortaya heç bir yekun sülh müqaviləsi qoya bilmir. Brüssel danışıqları ərəfəsində həm şərti sərhədlərdə, həm də Qarabağda təxribatların şahidi oluruq. Əvvəlcə bayrağımıza qarşı təxribata əl atdılar. Bununla yanaşı, məlum oldu ki, Xocalıda hava limanında rus bayrağı ilə bərabər Ermənistan bayrağı və qondarma rejimin əski parçası da asılıb. Sual olunur ki, Xocalıda, Azərbaycan ərazisində Ermənistan bayrağının, separatçılara məxsus əskinin nə işi var?! Axı hava limanına ruslar nəzarət edir. Məqsəd və niyyət ortadadır". 

  
T.Rzayevin sözlərinə görə, Qərb başa düşür ki, Rusiyanı regiondan çıxarmağın yeganə yolu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini imzalamaqdır: 

"Sülh müqaviləsini imzalamağın isə yeganə yolu ölkəmizin ərazi bütövlüyünün tanınmasından keçir. Rəsmi Vaşinqton bunu tanıyır, hətta İrəvan hökumətinə də bununla bağlı təzyiqlər edilir. O cümlədən Avropa İttifaqı da rəsmi Bakının mövqeyini qəbul edir. Biz də Paşinyanın bunu şifahi yox, yazılı surətdə təsdiqləməsini tələb edirik. Ancaq Rusiyadan nə eşidirik? XİN-dən verilən sərsəm açıqlamada bildirildi ki, "Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Üçtərəfli bəyanatın əsaslarını dəyişdirir". Belə çıxır ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımır?. Qarabağda suverenliyimizi qəbul etmirlər? Vaşinqton prosesindən əvvəl Rusiya Prezidenti V.Putin də oxşar açıqlama vermişdi ki, Paşinyan erməni xalqının maraqlarına xəyanət edir və s. Rusiyanın Azərbaycana qarşı təxribatları, bəyanatları, rus mediasında əleyhimizə yazıları göstərir ki, Moskva bölgədəki problemlərin həllində maraqsızdır. Çünki bunun baş verəcəyi halda Rusiya öz təzyiq rıçaqlarını itirəcək".