Rusiya çəkilməyəcək, Qərb boş oturmayacaq 

Ukrayna savaşı 2024-ci ilin sonlarına qədər davam edəcək
 

Rusiya Silahlı Qüvvələri ötən gecə Odessa vilayətinin liman infrastrukturuna PUA və raketlərlərlə hücüm edib. 

Bu haqda "Sherg.az"a açıqlamasında  AĞ partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib. O, deyib ki, Rusiya bundan sonar da aktivlik görsətmək niyyətindədir: 

"Rusiyanın qəfl hücumlar etməsi gözləniləndir. Kreml Ukraynada artıq əvvəlki aylara nisbətən müharibə gedən əraziləri genişləndirmək niyyətindədir. Canlı qüvvə cəhətdən ehtiyatı Ukraynadan dəfələrlə çoxdur. Sadəcə müharibə başlayan gündən bu günə qədər Rusiya həmin qüvvələrin çox kiçik bir qismindən istifadə edib. Son günlərdə Rusiyada hərbiçilərlə bağlı bir sıra qərarların qəbul edilməsi onu göstərir ki, Rusiya Ukraynaya əlavə canlı qüvvələr yeritmək fikrindədir. Kreml savaşın  ilk günündən aktiv  olmağa çalışırdı. Sadəcə olaraq Ukrayna tərəfinin möhtəşəm dirənişi bu aktivlik fazasının genişlənməsinə imkan vermirdi. Bundan sonra da Rusiyanın aktivliyi getdikcə artacaq. Çünki Moskva Ukraynada savaşın uzandığı hər günün onun əlehinə işlədiyini çox yaxşı bilir. Ölkə daxilində get-gedə narazılıqlar artmaqdadır. Çünki Rusiya bu müharibəyə başlayanda 1 həftə içərisində savaşın bitəcəyini bəyan etmişdi. Amma biz əksini gördük. Rusiya doğrudur Ukraynada yeni ərazilər ələ keçirdi, amma, hər kəsin gözlədiyi əraziləri işğal edə bilmədi. Zənn etmirəm ki, Rusiya son çırpınışlarını yaşayır  və ya məğlub olmaq üzrədir. Müharibənin bir müddət davam edəcəyin gözlənilir".

Ekspert onu da qeyd edib ki, Qərb dünyası Ukraynada savaşın uzanmasında maraqlıdır: 

"Ona görə ki, Ukraynada savaşın uzanması başda ABŞ olmaqla Avropa  ölkələrinin çoxdan gözlədikləri arzularının reallaşmasına səbəb olur. Çünki Ukraynadakı savaş istər-istəməz Rusiyanı daxildən zəiflədir. İqtisadiyyatı nə qədər dayanış göstərsə də zəifləyir və  bunun da bir zamanı var. Rusiya hakim dairələri bunu bilir, ona görə də qarşıdakı aylarda daha fəal müharibə aparacağı qənaətindəyəm. Amma bəzi pafos püskürən ekspertlər müharibənin ilk günündən  Rusiyanın artıq tamamilə dövlət olaraq sıradan çıxacağını iddia edirdilər. Amma görünən odur ki, Rusiya Ukraynada hələ uzun müddət müharibə aparmaq gücündədir. Putin iqtidarı yaxşı bilir ki, Rusiyanın Ukraynadakı savaşı ölüm-dirim məsələsidir. Ona görədə bu savaşı qələbə ilə bitirmək üçün bütün yollara əl atacaqlar. Sonunda Rusiyanın yenilməyəcəyi qənaətindəyəm. Çünki Ukrayna Rusiya qarşısında böyük dirənişini çoxda davam etdirə bilməz. Ukraynada hava məkanını bağlamayan ikiüzlü Qərb dünyası Rusiya Ukrayna savaşının qısa zamanda bitməsinə maraqlı ola bilməz. Əslində Qərb ölkələri Rusiyanın bir ölkə kimi sıradan çıxmasında da maraqlı deyillər. Sadəcə olaraq Rusiyanın zəifləməsində  maraqlıdırlar. Bu müharibənin konkret olaraq  2024-ci ilin sonlarına qədər davam edəcəyini düşünürəm. Çünki, 2024-ci ilin sonlarında həm Amerikada, həm də Rusiyada prezident seçkiləri olacaq. Bu prezident seçkilərinin taleyindən çox şey asılıdır. Ən çoxda Amerika tərəfindən, çünki Bayden iqtidarının Rusiyaya münasibəti bəllidir. Çünki yeni gələn şəxsin Rusiya ilə bağlı hansı siyasət yürüdəcəyini indidən proqnozlaşdırmaq çətindir".

Şahanə Tağızadə