İranın keçmiş Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi başlanılıb.
“Fars” agentliyi xəbər verir ki, bunu İranın Xüsusi İşlər üzrə Prokurorluğunun mətbuat katibi Məsud Satayişi bildirib.
Məsələni "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, fond və valyuta bazarına müdaxilələr zamanı qanun pozuntularında Həsən Ruhani ittiham olunur:
"Həsən Ruhanı İran hakimiyyəti daxilində islahatçı xəttin nümayəndəsi sayılır. Uzun müddət müxtəlif aparıcı vəzifələrdə çalışıb. O cümlədən İran milli təhlükəsizlik şurasının katibi olub. 8 il prezident vəzifəsini icra edib. Onun hakimiyyəti dövründə altılıq ölkələri ilə əhatəli razılaşma müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən İrana tətbiq edilən bir sıra sanksiyalar aradan qaldırılırdı.
Ancaq 2016-ci ilin mayında Donald Tramp prezident seçildikdən sonra müqavilədən ABŞ-nin çıxması ilə həmin anlaşma fəaliyyətini dayandırdı. Sonrakı mərhələdə Həsən Ruhanini Qərblə anlaşmada ittiham etdilər. Əslində İranda hakimiyyət bütövlükdə problem yaşayır. Yaranmış problemləri həll edə bilmədiyinə görə indiki İran prezidenti İbrahim Rəisi və İran KİV-i problemi əvvəlki prezidentlərdə görür. Məsələn, gah Həsən Ruhani, gah Mahmud Əhmədinejad ittiham olunur. Hətta Rəfsəncaniyə, Məhəmməd Xətamiyə qədər tənqid hədəfinə tuş gəlirlər. Həsən Ruhaniyə qarşı irəli sürülən bu ittihamlar təkcə keçmiş hökumət başçısı ilə bağlı deyil, həm də İranda Qərblə danışıqlara hazır olan qüvvələri qorxutmaqla əlaqəlidir. Ehtimal olunur ki, Həsən Ruhani Qərblə danışıqlara getməyə hazır olan qüvvələrdən biridir. Odur ki, H.Ruhaniyə iki istiqamətdə təzyiqləri artırırlar. Birincisi, Qərblə danışığa yolu bağlamaq, ikincisi, isə bütün problemlərin baisi kimi günah keçisi axtarmaq. İndiki halda Həsən Ruhani günah keçisi rolundadır".