Sözsüz ki, Ermənistan hakimiyyətinin zaman-zaman Azərbaycana qarşı irəli sürdüyü ittihamlar heç bir zaman həqiqəti əks etdirməyib.
Buna baxmayaraq, onlar əsassız iddialarına davam edir, hər dəfə Azərbaycan tərəfini təxribat törətməkdə günahlandırırlar.
Sonuncu dəfə Birləşmiş Millətlər Təşkilatına ünvanladıqları müraciət məsələni pik həddə çatdırdı. BMT tərəfindən rədd cavabı almaları onu göstərdi ki, artıq dünya birliyi də Ermənistanın saxta göz yaşlarına inanmır.
Bəs bu vəziyyət Ermənistanda siyasi hakimiyyətə necə təsir göstərəcək? Nikol Paşinyanın hakimiyyətdən getməsi gözlənilirmi?
Məsələyə münasibət bildirən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a vurğulayıb ki, Ermənistan faktiki olaraq son resurslarını istifadə edir:
"Onların Azərbaycana təzyiq edə biləcək imkanları da qalmayıb. Müharibə üçün halları belə yoxdur. Separatçıların da manevr imkanlarını daraltmışıq. Son olaraq BMT-də çalışdılar ki, məsələ qaldırsınlar, amma bacarmadılar. Azərbaycana qarşı heç bir sənəd və qətnamə BMT tərəfindən qəbul olunmadı.
Dünən Ermənistandakı ekspertlər rəy verməyə çəkinirdilər. Artıq bu gündən başlayaraq hiss olunur ki, narazılıq var. Qeyd edirlər ki, bunlar Azərbaycana heç nə etməyəcək müzakirələrdir. Ona görə də Paşinyana qarşı müəyyən tənqidlərin miqyası artacaq. Amma Paşinyan hakimiyyətini bu günə qədər qoruyub. Hətta İkinci Qarabağ müharibəsindən sonra da seçkilərdə qələbə qazanıbsa, ona qarşı heç bir təhlükə ola bilməz. Hələ Paşinyanı hakimiyyətdən devirəcək güc yoxdur. Parlamentdə də say çoxluğuna malikdir. Kütlə və hərbi çevrilişdə də onu devirə bilmədilər. Yeganə çıxış yolu ona qarşı sui-qəsdin həyata keçirilməsi ola bilər. Bəlkə bu, onu hakimiyyətdən uzaqlaşdı. Sadəcə Ermənistan Baş naziri Azərbaycan ilə sülh sazişinin imzalanmasının vaxtını uzadacaq. Bizim vəzifəmiz isə Qarabağda qayda-qanun yaratmaq və tamamlı nəzarəti bərpa etməkdir".