Siyasi arenada məğlub olan Ermənistan təxribata əl atır  - ŞƏRH

"Ermənistan cəmiyyəti vahid mövqedən çıxış etmir. Revanşizm arzusunda olanlar da az deyil. Amma reallığı qəbul etmək lazımdır. Azərbaycana qarşı müharibə yolu ilə nəyəsə nail olmaq mümkünsüzdür. Nə qədər tez sülh müqaviləsini imzalasalar, onlar üçün bir o qədər yaxşı olar". 

Bu fikirləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov qeyd edib.

O bildirib ki, Ermənistanın saxta blokada şousu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müzakirə ilə yekunlaşdı:

"Onlar  ölkəmizə qarşı sərt və qınayıcı qətnamənin qəbul olunmasını ümid edirdilər. Lakin Azərbaycan diplomatiyası burada yüksək peşəkarlıq nümayiş etdirdi. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin arqumentləşdirilmiş çıxışı və regiondakı reallıqları əks etdirən mövqeyi də Azərbaycanın maraqlarını qorudu. Ölkəmizə qarşı gözlədiyimizin əksinə proses baş vermədi. Ardınca təxribatların baş verməsi  ehtimal olunandır. Çünki son dövrlər ciddi gərginliklər var. Həm sülhməramlıların yerləşdiyi bölgədə, həm də Naxçıvan Muxtar Respublikasında və şərti Ermənistan Azərbaycan sərhəddində qarşı tərəf atəşkəs rejiminə riayət etmir. Bu isə mənfi bir ssenaridən xəbər verir. 

Ermənistan hər zaman siyasi səhnədə məğlub olduqdan sonra təxribatlara əl atır. Bununla da vəziyyəti gərginləşdirərək regiona diqqəti cəlb etməyə çalışır və  Azərbaycanı burada sülhü pozan tərəf kimi göstərir. Əslində Azərbaycan tərəfi sülhü, təhlükəsizliyi, sabitliyi qoruyan, region əməkdaşlığına can atan dövlətdir. Qarabağ iqtisadi rrgionunda ermənilərin reinteqrasiyasını istəyən bir ölkədir. Bu istiqamətdə gücünü səfərbər edib. Təəssüflər olsun ki, Ermənistan təbliğatı geniş fəaliyyət göstərir. Erməni təbliğatına uyan siyasətçilər də var. 

Lakin BMT Təhlükəsizlik Şurasında müzakirələrdən sonra əldə olunan qənaət bundan ibarətdir ki, Qarabağ iqtisadi zonasında reinteqrasiya daha sürətli gedəcək. Ağdam-Xankəndi yolunun legitimliyi sübut olunmuş  və Azərbaycan bu yol vasitəsilə  yüklərin daşınmasını icra edəcək. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Ağdama səfər etməsi, həm Bərdə-Ağdam, həm də Ağdam-Xankəndi marşrutu  üzrə yüklərin daşınması haqqında məlumatın verilməsi yaxın perspektivdə kommunikasiya xətlərinin işə salınmasına ümid formalaşdırır".