Rusiya tamamilə təcrid olunmayıb: Sanksiyalar niyə effekt vermir?  - RƏY

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyaların effekt verməməsindən təəssüflənir.
O, Rusiyaya qarşı məhdudiyyətlərin gözlənilən iqtisadi nəticə vermədiyini qeyd edib. Berbokun fikrincə, avtokratik rejimlərdə demokratiya məntiqi işləmir: “Bu müharibəni sivil hökumətlərin rasional qərarları və raional tədbirləri ilə bitirmək olmaz”.

Məsələyə aydınlıq gətirən politoloq Natiq Miriyev "Sherg.az"a açıqlamasında bildirib ki, bunun səbəbi ABŞ başda olmaqla Qərb dünyası və  Avropa birliyi ölkələrinin vahid formada fəaliyyət göstərməməsidir:

"Hər bir Avropa dövlətinin geosiyasi və geoiqtisadi maraqları kontekstində bəzi Rusiyaya yönəlik fərqli  qərarları müşahidə edirik. Rusiya  müdafiə sənayesinə  gələn elektron cihazları məhz Qərb şirkətləri vasitəsilə alır. Müharibə başlayandan bəri dayanmayıb. Əlbəttə, bunun müəyyən ziyanları da var. Hazırda  istehsal olunan ballistik raketlərin əksəriyyəti Qərb dünyasından ixrac olunan  həmin elektron cihazların, çiplərin və digər qurğuların vasitəsilə hazırlanır. Bunu edən isə ABŞ və Avropa şirkətləridir.  Ermənistan və bəzi Orta Asiya ölkələri Qərb dövlətlərindən elektron cihazları ixrac edirlər.  Daha sonra isə sənədləri dəyişərək Şimal qonşumuza ikinci bir ixracı təmin edirlər. Bu isə iqtisadi sanksiyaların dəlinməsinə şərait yaradır. Nəticə etibarilə Rusiyada balllistik raketlərin və çox  strateji silahların istehsalı prosesi dayanmır.  Rusiya Ukraynanın bütün infrastrukturlarını, mərkəzi şəhərlərini və hərbi obyektlərini hədəfə almağa davam edir.  Qərb ölkələri prosesi əvvəldən indiyədək  tənzimləyə bilməyib. Avropa Birliyi, NATO və ABŞ-da bu koalisiya çərçivəsində Ukraynaya dəstəklə bağlı çevik qərarlar qəbul edə bilməyib.  Müharibənin dayanmama və Rusiyanın dirəniş göstərməsinin əsas səbəbi budur. Ukraynaya hərbi  dəstək məsələsində hələ də Qərb dünyasında fikir ayrılıqları mövcuddur. Ukraynanın bəzi ərazilərini Rusiyaya təhvil verməklə  müharibəni dayandırmaq fikrində olanlar var. Ona görə də belə problemlər ortaya çıxır. Yaxın zaman çərçivəsində problemləri həll etmək mümkün olmayacaq. Rusiya tamamilə təcrid olunmayıb. Rəsmi Moskva Çin, Hindistan və digər Asiya ölkələri ilə intensiv şəkildə əməkdaşlıq edir. Öz enerji daşıyıcılarını  onlara satır və müəyyən silahlar alır. Bu da Rusiyanın hərbi müdafiə saneyesinin yenə fəaliyyət göstərməsinə imkan yaradır".