İrəvan oyuna gedir

Kənar güclər Ermənistanı novbəti savaşa sürükləyir
 
 Ermənistan tərəfinin təxribatları yenidən intensivləşib. Həm şərti sərhədlərdə, həm Naxçıvan istiqamətində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə ordumuzun mövqeləri müxtəlif çaplı atıcı silahlardan ardıcıl atəşə tutulur. Ötən gün Ermənistanın növbəti təxribatı nəticəsində 3 hərbçimiz yaralanıb. Erməni tərəfi kəşfiyyat-diversiya təxribatları da həyata keçirir. 

Qeyri-qanuni erməni silahlı dəstələri Xocavənd rayonu istiqamətində mövqelərimizə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstərirlər. Ermənistan mediası və teleqram kanallarında ermənilərin mövqelərimizə açdığı taktiki atəş və pilotsuz uçuş aparatlarından endirilən zərbələri əks etdirən videogörüntülər də yayımlanıb. Davamlı təxribatların lokal müharibə, genişmiqyaslı hərbi əməliyyatlarla nəticələnəcəyi də iddia olunur.
  
Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov "Sherg.az"a bildirib ki, Ermənistanın hazırda yeni müharibəyə başlayacaq ciddi imkanları və resursları yoxdur. Ancaq kənar güclər məqsədyönlü şəkildə Ermənistanı, İrəvan hökumətini münaqişəyə təhrik edirlər. Analitik diqqətə çatdırıb ki, son günlər Ermənistanın ardıcıl silahlandırılması prosesi həyata keçirilir: "Hindistandan raket sistemləri, hərbi texnikalar ermənilərə çatdırılır. Digər yandan Fransa, İran və Rusiya Ermənistanı silahlandırmağa cəhd göstərir ki, bu da müəyyən məqsədlərə xidmət edən hesablanmış addımlardır. Həmin ölkələr öz mənafeləri naminə Ermənistanı növbəti savaşa sürükləyirlər. Elə vəziyyət yaradırlar ki, İrəvan istəsə də, istəməsə də müharibəyə başlasın. Lakin söhbət ondan gedir ki, münaqişə və gərginliyin qalması İrəvanın da maraqlarına uyğundur. Necə deyərlər, "Ermənistanın da canında var". Yəni təhriklərin və təxribatların baiskarı 50-60 faizi kənar güclərdirsə, digər 40-50 faizə görə birbaşa Ermənistan məsuliyyət daşıyır. İrəvan özü qəsdən təxribatlara meydan verir, şərait yaradır. Əlbəttə, Ermənistan hakimiyyətinin daxilində fərqli qruplaşmaların mövcudluğu, klanlararası çəkişmələrin olması da mümkündür. İstənilən halda təxribatların artması genişmiqyaslı hərbi əməliyyatları qaçılmaz edir. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu hələ 2022-ci ilin sonunda yaydığı hesabatda göstərmişdi ki, Azərbaycan və Ermənistan arasında yenidən müharibənin başvermə ehtimalı böyükdür. Hətta qurum Ermənistanın daha ağır məğlubiyyətə uğrayacağının anonsunu da vermişdi. İrəvan da fərqindədir ki, növbəti hərbi qarşıdurmaya uzun müddət tab gətirə bilməyəcək. Amma bunu bilə-bilə kənar güclərin oyununa gedir".