Zəngəzur dəhlizi masaya yatırılıb - ŞƏRH

İbrahim Rəisinin Türkiyə səfəri zamanı İrana öz mövqeyində müəyyən korrektlər etmək təklif ediləcək

Türkiyə xarici işlər naziri Hakan Fidan İrana səfər etdi. Türkiyə XİN başçısı həm İran Prezidenti İbrahim Rəisi, həm də İranın xarici işlər naziri Abdullahiyanla görüşüb və bir çox məsələlərin müzakirəsi baş tutub. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, Tehran Azərbaycan və Türkiyə üçlü formatının yenidən başlanması təklifi üzrə Ankara ilə yekdil rəyə sahibdir. Onun sözlərinə görə, İran türkiyəli həmkarı ilə bu istiqamətdə müştərək addımlar atacaq. 

Politoloq Azər Rəşidoğlu "Sherg.az"a bildirib ki, İran bölgədə Türkiyənin fəallaşmasından narahatdır. Onun fikrincə, Hakan Fidanın Tehrana səfəri İran prezidentinin Türkiyəyə olacaq səfərinə hazırlıq kimi dəyərləndirilə bilər: 
"Cənubi Qafqazda cərəyan edən proseslər konkret mövqelərin ortaya qoyulmasına doğru gedir. Türkiyə və İran rəhbərlərinin görüşündə həmin məsələ ətrafında fikir mübadiləsi aparılacaq. Görüş çərçivəsində Suriya və İraqdakı proseslər müzakirə ediləcək. Zəngəzur dəhlizi məsələsi də müzakirə predmeti olacaq. İbrahim Rəisinin Türkiyə səfəri zamanı İrana öz mövqeyində müəyyən korrektlər etmək təklif ediləcək. İranın mövqeyi nisbətən yumşala bilər. Lakin Tehran Bakının Qərblə əməkdaşlığına qıcıqla yanaşır. Eyni zamanda Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu Cənubi Azərbaycan ideyasını gücləndirir. Bu baxımdan Tehranın mövqeyində əsaslı dəyişikliklər gözləmirəm".