Xankəndidə süni çörək qıtlığı yaradırlar - RƏY

Paşinyan rejimi orada yaşayanların sağlamlığı üzərindən oyun qurmağa çalışır

“Pastinfo” iddia edib ki, guya, Xankəndidə çörəyin talonla paylanılmasına start verilib. Bildirilib ki, ermənilər talon əsasında bir nəfər üçün təxminən 200 qram çörək ala biləcəklər. Talonların paylandığı, çörəyin isə sonradan veriləcəyi qeyd edilib. Məlumdur ki, Azərbaycan Qarabağdakı ermənilərə 40 ton humanitar yardım göndərib. Lakin separatçı rejim bu yardımın erməni əhaliyə çatmasının qarşısını alır. Əgər Qarabağdakı ermənilər iddia edildiyi kimi ərzaq qıtlığı yaşasaydı, o halda Azərbaycanın humanitar yardımlarını geri çevirməz və qəbul edərdilər.
  

Politoloq Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Xankəndidə yaşayan bir neçə min erməninin guya aclıq çəkməsi barədə iddialar həqiqəti əks etdirmir. Analitik xatırladıb ki, Azərbaycan daha öncə də Xankəndi və ətrafında yaşayan ermənilərlə iş birliyi  yaratmaq cəhdlərini etmişdi: 

"Hətta bir mərhələdə müəyyən danışıqlar baş tutmuş, Sərsəng su anbarının birgə istifadəsi məsələləri müzakirə olunmuşdu. Lakin bölgədə sülhün yaranmasından narahat olan bəzi dövlətlər, xüsusilə Fransa və İran ciddi-cəhdlə ermənilərin Azərbaycana reinteqrasiya olunmasına qarşı çıxırlar. Həm 30 illik işğal dövründə, həm də 44 günlük müharibədən sonra hələlik tam nəzarətimizdə olmayan ərazilərimizə qanunsuz daşımalar müşahidə edilir. Çox təəssüf ki, bütün bunlar Rusiya-Türkiyə Birgə Monitorinq qrupunun gözləri qarşısında baş verir. Hadisələrin bu sayaq davam etməsi Azərbaycanı daha sərt addımlar atmağa təhrik edir".
Ekspert diqqətə çatdırıb ki, Xankəndi və ətraf kəndlərdə yaşayan erməni əsilli insanların aclıq problemi varsa belə, bu, Ermənistanın süni şəkildə yaratdığı vəziyyətdir: 

"Deməli, Ermənistan rəhbərliyi Qarabağda yaşayan erməni əhalinin taleyi ilə öz maraqları üçün oynayır. Paşinyan rejimi orada yaşayan insanların sağlamlığı üzərindən siyasət yeritmək məqsədi güdür. Azərbaycan isə əksinə, ərzaq çatışmazlığı iddiası ortaya atılan kimi 40 ton un məhsulunu göndərmək üçün Ağdama öz yük maşınlarını yolladı. Əgər oyuncaq erməni rejimi bu yardımdan imtina edirsə, onların aclıq iddiası ya yalandır, ya da gerçəkdən öz xalqının qəsdinə dayanıblar".