Xankəndi rəsmi Bakının iradəsinə tabe etdiriləcək? - RƏY

Putin-Ərdoğan bir sıra məsələlərdə razılaşıb


“Eyni zamanda Paşinyan hökumətinə qarşı daha real təzyiq silahları işə salınacaq"
  Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. İki ölkə rəhbəri 3 saatlıq görüşdə gündəlikdə duran məsələlərlə yanaşı, "Taxıl sazişi"nin bərpası mövzusunu da müzakirə ediblər. Vladimir Putin bildirib ki, Rusiya "Taxıl sazişi"nin bərpası barədə yalnız ölkənin kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qalxdıqdan sonra düşünə bilər. Türkiyə mediasının yazdığına görə, Ərdoğanın BMT-də təmaslarından sonra iki ölkə lideri təkrar görüşə bilər. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Soçi görüşünün məqsədi hər hansı konkret razılaşmanın əldə edilməsi olmayıb. Peskovun sözlərinə görə, yazılı sənəddə və ya digər sənədlərdə hansısa təsbitin aparılması nəzərdə tutulmayıb: "Əsas məqsəd ikitərəfli münasibətlərin çox zəngin kompleksinə dair qeydləri müqayisə etmək, o cümlədən məlum regional problemlər üzrə fikir mübadiləsi aparmaq və mövqeləri birinci əldən bir-birinin diqqətinə çatdırmaq olub. Bu məqsədə nail olundu. Çox konstruktiv və səmərəli danışıqlar aparıldı. Lakin konkret razılıq əldə etmək çətin ki, mümkün olardı”. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da rusiyalı həmkarı Vladimir Putinlə görüşünün təfərrüatını açıqlayıb. Ərdoğan vurğulayıb ki, Rusiya ilə xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığı gücləndirmək istəyir: "Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq. İnanıram ki, qalan müddətdə bu rəqəm daha da artacaq". Türkiyə rəhbəri qeyd edib ki, inşaat işləri sürətlə davam edən Akkuyu Atom Elektrik Stansiyasından əlavə, Putinlə Sinop Atom Elektrik Stansiyasının tikintisini də müzakirə edib. Ərdoğan əlavə edib ki, "Taxıl sazişi"nin bərpası üçün yeni təkliflər paketi hazırlanıb: "Rusiyanın kasıb ölkələrə ərzaq göndərilməsinin zəruriliyi ilə bağlı qərarını düzgün hesab edirik".
  ABŞ və Birləşmiş Millətlər Təşkilatı (BMT) da "Taxıl sazişi"nin bərpası üzrə vasitəçilik səylərinə görə Türkiyəyə minnətdarlıq edib.
Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Elxan Şükürlü bildirib ki, ABŞ-nin demokrat Prezidenti Baydenin yıxmağa söz verdiyi, ancaq 3 ildir devirə bilmədiyi iki dövlət başçısının - Putin və Ərdoğanın Soçidəki görüşü Rusiya-Türkiyə əməkdaşlığının uğurla davam etdirildiyinin növbəti göstəricisi olmaqla yanaşı, həm də qarşıdakı mərhələnin ortaq hədəflərini aydınlaşdırır. Ekspertin sözlərinə görə, hər şeydən əvvəl görüş zamanı beynəlxalq ictimaiyyətə verilən ilk açıq mesaj o oldu ki, Türkiyə NATO üzvü olsa da, NATO-nun Ukrayna müharibəsi üzərində apardığı Rusiyanı təcrid siyasətində iştirak etmir və yaxın gələcəkdə də iştirak etməyəcək: "Əksinə, iki ölkə arasında yeganə səmimi və etibarlı vasitəçi missiyasını öz üzərinə götürməyə iddialıdır. Bu isə öz növbəsində o deməkdir ki, Türkiyə və Türkiyənin də daxil olduğu Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə Qərbin Rusiyaya qarşı "ikinci cəbhə" açmaq cəhdlərinə imkan verilməyəcək. Hətta Rusiya əleyhinə sanksiyaların bu coğrafiya üzərindən genişlənməsinin də önü kəsiləcək. Bu mərhələdə bu razılaşma Rusiya üçün uğurlu olduğu qədər də, bütövlükdə Türkiyə və TDT üçün də eyni dərəcədə əhəmiyyətli, uğurludur. TDT coğrafiyası Qərb-Rusiya toqquşmasının yeni qanlı meydanına çevrilməkdən yayınaraq, həm insan, həm də iqtisadi resurslarını qoruyub saxlamaq və inkişaf etdirmək, Çin-Avropa İttifaqı aralığında gələcəkdə əsas oyunçulardan biri olmaq fürsəti qazanır. Putin-Ərdoğan görüşünün ən önəmli nəticələrindən biri də, öncədən proqnozlaşdırdığımız kimi, Suriya probleminin həlli məqsədilə qurulan "Astana prosesi"nin, eyni zamanda 44 günlük Qarabağ savaşının nəticəsi olaraq irəli sürülmüş "3+3" formatının yenidən dirçəldilməsidir. Hər iki formatın qurulmasında əsas təşəbbüskarlar bizim üç böyük qonşumuz - Rusiya, Türkiyə və İrandır. Azərbaycan bu üç ölkənin quru sərhədlərini bir-birinə bağlayan yeganə dövlətdir. Putin-Ərdoğan görüşündə əldə edilən razılaşmaların ən qısa müddətdə və aydın görünəcəyi əsas meydança da elə məhz Azərbaycan ərazisi - Qarabağdır.
Çox böyük ehtimalla, yaxın günlərdə Xankəndinin rəsmi Bakının iradəsinə tabe etdirilməsi, eyni zamanda Ermənistanın 2020-ci ilin 10 noyabrında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində Paşinyan hökumətinə qarşı daha real təzyiq silahları işə salınacaq".
  E.Şükürlüyə görə, Paşinyanın Ermənistan-Azərbaycan sülh danışıqlarını Rusiya-Ukrayna savaşına paralel şəkildə uzatmaq cəhdlərinin qarşısı tezliklə alınmalıdır: "Qərbin regiona giriş imkanlarına birdəfəlik sədd çəkilməli, bölgə ölkələri arasında nəqliyyat-kommunikasiya xətlərinin işləkliyi, real əməkdaşlığın dərinləşdirilməsi təmin edilməlidir. Paşinyanın İtaliya mətbuatına müsahibəsində açıq anti-Rusiya çıxışları və Ermənistan üçün KTMT-dən kənar "təhlükəsizlik çətiri" axtarışında olduqlarını dilə gətirməsi artıq yeni geopolitik toqquşma meydançasının Cənubi Qafqazda Ermənistan olduğunun ən yüksək səviyyədə ortaya qoyulan dəlilidir.
  Arxasında Qərbdəki erməni lobbisinin durduğu təsisatlar və şəxslər vasitəsilə 3 ildir Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığının əleyhinə yönəlmiş təbliğata baxmayaraq, Ermənistan üzərində gedən bu geopolitik savaşın yaratdığı situasiya qarşımızda yeni imkanlar açır. Biz növbəti dəfə bundan yararlanmağı bacarmalıyıq".
  Siyasi şərhçi Asif Nərimanlı da "Şərq"ə açıqlamasında deyib ki, Ərdoğan-Putin görüşü və müzakirə edilən məsələlər Türkiyənin geosiyasi oyunçu kimi əhəmiyyətini önə çıxarır. Ekspertin fikrincə, Ankara “taxıl anlaşması”nın davam etməsinə çalışır: "Bunun üçün Moskvanın şərtləri, Qərb ölkələrinin ehtiyacı var. Razılaşma ehtimalı az deyil. Ruslar qazandığı kimi, Türkiyənin həlledici rolu da artacaq. Bu anlaşma üzərindən Rusiyaya qarşı müəyyən geosiyasi yumşalmaların edilməsini istəyən tərəflərin marağı da xüsusi xətlə seçilir. Türkiyədə “qaz mərkəzi”nin yaradılmasına nail olunarsa, Rusiya enerji bazarında zəifləyən rolunu artırmaq, Avropaya qaz ehtiyatının ödənilməsinə nail olmaq istiqamətində yeni imkanlar əldə edər. Rus qazını Türkiyədən idxal etmək daha asanlaşar. Nəticə etibarilə, həm Qərbin, həm Rusiyanın Türkiyəyə ehtiyacı artır. Bu, Azərbaycanın həm bölgədəki maraqları, həm də hər iki cəbhə qarşısında - Qərb və Rusiya - “güclü qalxanının” olması baxımından vacibdir. Ankara-Moskva münasibətlərinin yaxşı olması da bizim üçün sərfəlidir".