General Kulakov da əmr quludur

Rusiya sülhməramlı qüvvələrinin komandanlığının tez-tez dəyişməsi yaranmış vəziyyətə uyğun həyata keçirilir


  2023-cü il sentyabrın 3-dən Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı general-mayor Kulakov Kirill Denisoviçə həvalə edilib. O, bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib. Kulakov 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Almaniyada, Uzaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib. 2014-2017-ci illərdə 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb. 2016-cı ildə general-mayor rütbəsinə layiq görülüb. 2017-ci ilin martından isə Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. Fəaliyyəti dövründə ordenlərlə təltif edilib. Qeyd edək ki, bundan əvvəl bu vəzifəyə general-leytenant Rüstəm Muradov, Mixail Kosobokov, Andrey Volkov gətirilib. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının yeni komandanının təyinatı ortaya bəzi maraqlı məqamları çıxarıb. Erməni mediası general-polkovnik Aleksandr Lentsovun Qarabağdan uzaqlaşdırılmasının səbəblərini yazıb. Qeyd olunur ki, buna səbəb A.Lentsovun peşəsini biznesə çevirməsidir. O, separatçılara yanacaq satmaq və yerli əhalinin qeyri-qanuni daşımasını həyata keçirməklə özünə sərvət toplayıb. Əslində, Lentsov Volkovun yaratdığı sxemi dağıtmaq üçün vəzifə başına gətirilsə də, rusiyalı general böyük məbləğdə pullardan imtina edə bilməyib. Yekunda isə topladığı pullarla birlikdə Qarabağı tərk edib.
  AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanlığının tez-tez dəyişməsi rotasiya qaydasında və yaranmış vəziyyətə uyğun həyata keçirilir. Analitik vurğulayıb ki, hazırda bölgədə mürəkkəb və gərgin durum hökm sürür: "Ermənistanın uydurma "humanitar böhran" təbliğatı fonunda bölgəyə beynəlxalq ictimaiyyətin diqqəti artıb. Üstəlik, rəsmi İrəvanın yürütdüyü siyasət yeni oyunçuların fəallaşmasına və Moskvanın sıxışdırılmasına yönəlib. Həm Ermənistan, həm də Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən narazıdır. 

Bu isə təkcə sülhməramlı kontingentə deyil, ümumilikdə rəsmi Moskvaya etimad və güvəni azaldır. Belə olan halda təbii ki, Kremlin planları təhlükə ilə üzləşir. Çünki etimad və güvən mühiti azaldıqca Rusiyanın da bölgədə mövcudluğu minimuma enmiş olur. Ən azından bu inamsızlığı müəyyən qədər aradan qaldırmaq zərurəti yaranır. Ancaq nəzərə almalıyıq ki, sülhməramlı kontingentin rəhbərliyinə kimin gətirilməsindən asılı olmayaraq, həmin şəxs Rusiya Silahlı Qüvvələrinin komandanlığının əmr və göstərişlərini icra edir, Kremlin maraqlarını qoruyur. Təbii ki, fürsət düşdükcə, öz şəxsi maraqlarını da təmin etməyə çalışır".