Azərbaycan Xankəndiyə qoşun yeridə bilər - ŞƏRH

Bakı öz ərazisində qeyri-qanuni fəaliyyətlərin qarşısını qətiyyətlə alacaq

“Rusiya sülhməramlı qüvvələrinə də bununla bağlı xəbərdarlıq edilməlidir”

  Separatçı Samvel Babayan və Ermənistanın Baş naziri Nikol Paşinyanın əlaltıları qondarma “seçkini” pozmaq üçün hər şeyi edəcək. "Hraparak" nəşrinin iddiasına görə, həmin qüvvələr Xankəndidə etiraz aksiyaları keçirmək niyyətindədirlər. Qəzet qeyd edib ki, Bakı Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə bağlı bəyanatına əsasən, öz ərazisində iğtişaşların qarşısını almaq üçün Xankəndiyə qoşun yeridə bilər. 

Məlumat üçün bildirək ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində məskunlaşmış erməni separatçıları özlərinə yeni “başçı” seçməyə hazırlaşırlar. Uydurma “seçki” sentyabrın 8-nə təyin edilib. Qarabağ separatçılarının “eks-başçısı” Araik Arutyunyan sentyabrın 1-də “istefa" verib. Hələlik separatçı rejimin “başçısı” postuna daha çox qondarma “dövlət naziri” təyin olnmuş Samvel Şahramanyanın adı çəkilir. O, separatçıların keçmiş başçısı Bako Saakyanın yaxın adamlarından biri hesab olunur. Arutyunyanın da Şahramanyanı dəstəklədiyi bildirilir. 
  
Siyasi şərhçi Azər Niftiyev “Sherg.az”a açıqlamasında bildirib ki, Xankəndidəki durum Azərbaycan dövləti tərəfindən diqqətlə izlənilir və ölkəmizin qanunlarına zidd addımların qarşısı qətiyyətlə alınacaq. Analitikin sözlərinə görə, Araik Arutyunyanın "istefasının" ciddi səbəbləri var idi: 
"O anlayırdı ki, müqavimətin mənası və nəticəsi yoxdur. Artıq başa düşürlər ki, bundan sonra daha heç nə əvvəlki kimi olmayacaq. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi ortadadır. Xankəndi Azərbaycan ərazisidir və separatçı qüvvələr burada "seçki" keçirə bilməzlər. Məhz elə bu səbəbdən Arutyunyan prosesdən çəkildiyini elan etdi. Samvel Şahramanyan adlı separatçı Xankəndidə "seçki" şousu qurmağa çalışsa da, onun da qarşısı qətiyyətlə alınacaq. Rusiya sülhməramlı qüvvələrinə də bununla bağlı xəbərdarlıq edilməlidir. Moskva 10 noyabr üçtərəfli bəyanatında üzərinə öhdəliklər götürüb və bu öhdəlikləri yerinə yetirməlidir”. 
  
Müsahibimiz əlavə edib ki, son dövrlər separatçılar həm Ermənistanda, həm də Qarabağ bölgəsində aktivləşib: 

“Bunun əsas səbəbi xaricdən onlara göstərilən dəstəklə bağlıdır. Bütün diqqət sülhyaratma missiyasının pozulmasına və Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa yönəlib. Tarixi qələbədən sonra Azərbaycanın dünya miqyasında rolu artıb. Ermənistan Rusiyanın forpostu olub. Şimal qonşumuz erməniləri dəstəkləyib, onları bir dövlət olaraq ayaqda saxlayıb. Bu gün isə Rusiyaya qarşı çıxırlar. Fransa və digər Qərb dövlətlərinin yedəyində getməyə çalışırlar. Lakin bu, əsas vermir ki, onlar Azərbaycanın torpaqlarında separatizm fəaliyyəti ilə məşğul olsunlar. Kimin forpostu, yedəyi olmaq istəyirlər, özləri bilərlər. Bizim torpaqlarımızdan rədd olsunlar, Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmasınlar. Azərbaycanın da səbri bir yerə qədərdir. Bu cür davam etsələr, cavablarını alacaqlar".