Müzakirələr sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər

Yevlaxda dialoq baş tutdu

Görüşün nəticəsi olaraq Qarabağın erməni sakinlərinin xahişi müsbət qarşılanıb


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Bildirilib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb. Qeyd olunub ki, konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.
 
 Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

 Xatırladaq ki, Ramin Məmmədov bu ilin martında Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub. Bundan əvvəl o, Xocalıda erməni sakinlərin nümayəndələri ilə bir dəfə görüş keçirib. Sergey Martirosyan bundan öncə Xocalı şəhərində Ramin Məmmədovla baş tutan görüşdə də iştirak etmişdi. Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, Yevlaxda aparılan müzakirələr Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər. O bildirib ki, müqavilə layihəsi artıq İrəvana verilib: “Ölkələr arasında sülh müqaviləsi beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət olacaq. Razılaşmanın layihəsi dövlətlər arasında sərhədlərə hörmətlə yanaşı, iki ölkənin suverenliyinin və ərazi bütövlüyünün tanınmasını təmin edir, həmçinin tərəflərin bir-birinin daxili işlərinə qarışmamasını bəyan edir”. Onun sözlərinə görə, görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası formatları müzakirə olunub: “Düşünürük ki, bu dialoq Ermənistan və Azərbaycan arasında sülh prosesinə müsbət təsir göstərə bilər. İki ölkə onilliklərlə davam edən böhran və düşmənçiliyə son qoyacaq sülh müqaviləsini müzakirə etməyə başlayıb”. 


Dialoqda diqqətçəkən məqam müzakirənin oval masada aparılması olub. Ekspertlərə görə, bunun iki səbəbi var. Birincisi, ermənilərin masada vizual “tərəf” kimi görünməsinə imkan verməmək, ikincisi isə onları aşağılamadan daha effektiv müzakirə aparmaqdır. Yəni onların timsalında erməni əhalisinə Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşaya biləcəkləri mesajını verməkdir. Müzakirə yerinin Yevlax şəhərinə təyin edilməsi də maraqla qarşılanıb və sosial şəbəkələrdə bununla bağlı müzakirələr gedib. “Niyə məhz Yevlax” sualına cavab olaraq hərə öz mülahizəsini irəli sürüb. Xatırladaq ki, Yevlaxda dialoq təklifi daha əvvəl qəbul olunsa da, Qarabağın erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozmuşdu. Bundan başqa, ermənilər görüşün neytral zonada keçirilməsini istəyirdi ki, Azərbaycan da bunun müzakirə mövzusu belə ola bilməyəcəyini bildirmişdi. Çünki Azərbaycanın daxili məsələsi heç vaxt neytral məkanda müzakirə oluna bilməzdi. Müzakirələrin Yevlaxa təyin olunmasına gəlincə, bunun sadəcə, məsəfə baxımından həm əlverişli, həm də logistik olaraq uyğun olduğu bildirilir. Bu həm də ermənilərin Azərbaycana qarşı ərazi iddialarını bu iddiaların sərhədində təslim aktı ilə dəfn etmək məqsədi daşıyır və müəyyən qədər simvolik xarakterlidir.

Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Azərbaycanın Qarabağ iqtisadi bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda baş tutan dialoqun dövlət bayrağımız altında və heç bir vasitəçinin iştirakı olmadan keçirilməsi tamamilə təbiidir. Başqa cür ola da bilməzdi: 

"Qarabağın erməni icmasını təmsil edən David Melkumyan və Sergey Martirosyan müzakirələrdə "tərəf" kimi, qondarma rejimin təmsilçiləri kimi yox, sadəcə icma nümayəndələri kimi iştirak edirdilər. Yevlax dialoqunda məhz Azərbaycanın Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə edildi. Ermənilərin hər hansı tələb, şərt irəli sürməsi mümkün deyildi. Şərtləri diktə etmək hüququna malik olan yeganə tərəf Azərbaycan dövlətidir. Rəsmi Bakı bütün detalları öncədən nəzərə alıb. Beləliklə, Qarabağ ermənilərinin bundan sonrakı taleyi yalnız Azərbaycanın daxili işidir. Nə Ermənistanın, nə də onun havadarlarının bu məsələyə müdaxilə etməyə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi üzərindən manipulyasiyalara yol verməyə heç bir ixtiyarları yoxdur. Vəssalam, həm separatizm, həm də manipulyasiyalar dövrü bitdi. Yevlax dialoqu ilə bölgədə tamamilə yeni səhifə açılır".
  Politoloq Cəmaləddin Quliyev də vurğulayıb ki, Yevlax dialoqu Qarabağ ermənilərini Azərbaycana reinteqrasiya etmək üçün üçüncü cəhddir: "Birinci cəhd Mütəllibovun zamanında edildi və Qarakənd faciəsi ilə bitdi. AXC hakimiyyəti vaxtı Bakıya gəlib görüşlər keçirən Qarabağın erməni icması nümayəndələrinin taleyi kimi ikinci cəhd də müəmmalarla yekunlaşdı. Yevlax görüşü üçüncü təşəbbüsdür. İndi sonuncu təşəbbüsü də, bizim vətəndaşımız kimi yaşamaq istəyən Qarabağ ermənilərinin təhlükəsizliyini də qorumaq Azərbaycan dövlətinin vəzifəsidir. Üçüncü təşəbbüsü də fövtə edə bilmərik. Onların təhlükəsizliyini təhdid edən o qədər qüvvələr olacaq ki. Kimi sülhməramlı, kimi revanşist, kimi liberal, kimi tarixi qonşu cildində..".