Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib. Deputatların və əməkdaşların təhlükəsizliyinin qorunması məqsədilə binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət media işçilərinə aid edilməyəcək.
Prosesi “Sherg.az”a şərh edən politoloq Azər Rəşidoğlu söyləyib ki, Gürcüstanda uzun müddətdir Rusiya və Qərbə inteqrasiya tərəfdarları arasında qarşıdurma yaşanır:
"Sadəcə olaraq gürcü hakimiyyəti bu məsələnin daha sivil formada həyata keçməsi üçün siyasi manevrlər edir. Guya ki, Prezident və Baş nazir arasında qarşıdurma mövcuddur. Bu isə siyasi kataklizimdən qaçmaq üçün gürcü hökumətinin ortaya atdığı taktikadır. Bütün proseslər Ukrayna savaşının və Ermənistanda cərəyan edən anti-Rusiya ovqatının nəylə nəticələnəcəyi ilə bağlıdır. Güman edirəm yaxın perspektivdə Gürcüstan Avropaya inteqrasiya yolunu seçəcək. Gürcüstandakı Rusiya yönümlü hakimiyyətin hansısa addımlar atacağını düşünmürəm. Düzdür, hakimiyyət böhranı ola bilər. Ancaq siyasi böhranın dərinləşəcəyini ehtimal etmirəm".
Qeyd edək ki, bu gün müxalifətin tələbi ilə iqtisadiyyat naziri Levan Davitaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə çıxış edəcəklər.Bununla paralel olaraq müxalifət və tərəfdarları parlament binası qarşısında hökumət əleyhinə aksiya keçirəcəklər.