Ukrayna münaqişədə uğur qazanacağı təqdirdə ABŞ diqqətini Çinə yönəldəcək. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
"Əgər ABŞ Çindən narahatdırsa, o zaman Ukraynanın qələbəsini təmin etmək lazımdır", - deyə alyansın baş katibi bildirib.
Stoltenberqin fikrincə, Kiyev münaqişədə qalib gəlsə, ABŞ (Ukraynanın timsalında) Avropada ikinci ən böyük orduya sahib olacaq ki, bu da Vaşinqtonun diqqətini Çinə yönəltməsini asanlaşdıracaq və regiondakı vəziyyətlə bağlı narahatlığını azaldacaq.
Açıqlamaya münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a deyib ki, Ukraynadakı müharibə Avropanın təhlükəsizlik və siyasi qərarlar qəbul etmək məsələsində ABŞ-nin hökmranlığını hiss etdirmək baxımından Vaşinqtona sərfəlidir:
“Ukraynada müharibə başlamamışdan öncəki incəlikləri müəyyən etmək çətin deyildi. ABŞ-nin hədəflərindən biri Çindir. Hərçənd Ukraynada müharibə davam etdikcə, ABŞ Yaxın Şərqdə Çinin yüksələn maraqlarının önündə risklərlə qarşılaşır. İndi isə bunu Hindistan amili ilə kompensasiya etməyə çalışır. Yəni Ukraynadakı müharibə geostrateji maraqların yenidən müəyyənləşdirilməsi, qlobal nüfuz dairələrinin bölüşdürülməsini tətikləyir. ABŞ mümkün variant kimi Avropanı Çinin ambisiyalarından kənarda tutmaq istəyir. Amma Avropanın da özünün narahatlıqları var. Diqqət çəkəcək hadisələrdən biri də bir neçə ay öncə Avropa İttifaqından Çinə təşkil olunan yüksək səviyyəli səfərlər idi. Məntiq belə deyir ki, Avropa qlobal maraqların təndirinə düşməmək üçün özünü xilas etməyə çalışır. Bir yandan Qərbin kollektiv maraqları, digər yandan isə təhlükəsizlik çağırışları və iqtisadi maraqlar – bu çağırışları bir yerdə icra etmək Avropa üçün çətindir”.
Analitik əlavə edib ki, Ukraynadakı münaqişəyə Qərbdəki fərqli baxışların cücərib boy atması həmin məsələlərlə müəyyən mənada əlaqəlidir:
“Deməli, Ukrayna önə atılıb və poliqon olmaqla qlobal maraqlardakı strateji tarazlıqlara ölçü verən faktora çevrilir. Ukraynanın qələbə qazanacağı təqdirdə NATO-ya üzv olması isə mübahisəlidir. Baxır ki, qələbəni kim, necə görür. Məsələn, Ukrayna 2022-ci ilin 24 fevralındakı sərhədlərə qədər gedib çıxsa, bu, onun yalnız hərbi qələbəsi sayıla bilər, strateji zəfərdən isə söhbət getməz. O zaman sual olunar ki, həmin sərhədlə müharibə yekunlaşacaqdısa, bu döyüşlər nəyə lazım idi? Hər halda, Ukrayna hərbi qələbəni həmin formada təmin etsə belə, ərazi münaqişəsi qalmış sayılır, bu variantda Ukraynanı NATO-ya üzv qəbul etməzlər. Ukraynanın strateji qələbəsi isə çətin görünür, lakin müşkül kimi də xarakterizə edilməməlidir. NATO-nun indi verdiyi bəyanatlara gəlincə, bu, gəlişigözəl sözlərdən başqa bir şey deyil. Ən azından Çin də konfliktlərə barmaq edərək özünün strateji niyyətlərini böyüdür ki, bunu ayrıca diqqətdə saxlamaq lazımdır”.