Qranadada görüş Ermənistan üçün böyük şansdır: Sülh olacaq? - RƏY

Sülh müqaviləsi prinsipcə, günü sabah da imzalana bilər

“Əgər Ermənistan tərəfindən siyasi iradə, uzaqgörənlik olarsa, müqavilə elə də böyük həcmdə olmayacaq”

  Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin 5 oktyabrda Qranadada görüş keçirəcəyi gözlənilir. Görüşlə bağlı hazırlıqlar üçün 26 sentyabrda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın Brüsseldə görüşəcəyi bildirilir. Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransa Prezidenti E.Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının prezidenti Şarl Mişellə də danışıqlar aparacaq. Qeyd edək ki, iyulun 15-də Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel liderlərin növbəti görüşlərinin payızda Brüsseldə, həmçinin Avropa Siyasi Birliyi sammiti çərçivəsində Qranadada keçirilməsinin gözlənildiyi bildirmişdi. Prezident İlham Əliyev də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib ki, hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanlar yaranıb. Dövlət başçısı ötən gün xalqa müraciətində də İrəvan hökumətinin son günlər atdığı addımların sülhlə bağlı ümidlər verdiyini demişdi. Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, sülh sazişi üçün tarixi şans formalaşıb: “Biz həqiqətən də Qranadada irəliləmək, bu tarixi fürsətdən istifadə etmək istərdik. Əbədi müharibənin heç kimə faydası yoxdur. Biz çox yaxınıq və sülh müqaviləsi imzalamaq üçün tarixi imkanımız var".
  Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan rəhbərliyi hər zaman ikili siyasət yeridib. Deputatın sözlərinə görə, İrəvan daim Azərbaycan tərəfindən milli maraqlarımıza zidd güzəştlər qopartmağa çalışıb:

"Müharibədən sonra ötən 3 il ərzində erməni rəhbərliyi ikitərəfli münasibətləri bir tərəfə qoyaraq Azərbaycanın daxili işlərinə qarışmağa və Qarabağda yaşayan azsaylı erməni icmasına xüsusi status əldə etməyə çalışıblar. Amma antiterror tədbirlərindən sonra separatçı rejim iflasa uğradı. Həmin bölgə artıq Azərbaycanın nəzarətindədir. Azərbaycanın suveren hüquqları Qarabağdakı bütün məsələlərə aid edilir. Cənab Prezident də xalqa müraciətində bildirdi ki, Ermənistan üçün Azərbaycanla münasibətlərdə bir asanlıq olmalıdır. Çünki Qarabağ və oradakı ermənilərlə bağlı məsələ artıq yoxdur. Bu baxımdan erməni tərəfindən qətiyyət gözlənilir. Bir tərəfdən Ermənistan müxtəlif rəsmilərin dili ilə Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan edir. Amma digər tərəfdən istənilən halda hardasa yenidən siyasi təxribat baş verə, nəsə bəhanə gətirə bilərlər. Sülh müqaviləsi prinsipcə, günü sabah da imzalana bilər. Əgər Ermənistan tərəfindən siyasi iradə, uzaqgörənlik olarsa, müqavilə elə də böyük həcmdə olmayacaq. Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin dəqiqləşdirilməsi üçün xüsusi komissiyalar fəaliyyət göstərir, diplomatik əlaqələr qurulur. Mümkündür ki, sülh müqaviləsində Zəngəzur dəhlizi məsələsi də əksini tapsın. Sənəddə olmasa belə sonrakı münasibətlərdə yer ala bilər. Prinsipcə, cəmi 3-4 maddədən ibarət sənədin ortaya qoyulması mümkündür".
  Parlament üzvü vurğulayıb ki, Ermənistan birmənalı şəkildə bildirməlidir ki, ərazi bütövlüyümüzü tanıyır və Azərbaycanın daxili işlərinə qarışmır: "Sərhədlərin müəyyənləşməsi istiqamətində çalışan komissiya mərhələ-mərhələ prosesi irəliyə daşıya bilər. Ortada həlli qeyri-mümkün məsələ olmasa, niyə iki dövlət arasında diplomatik münasibət qurulmasın?! Hər şey Ermənistanın səmimiliyindən asılıdır. O halda Brüsseldə tərəfləri təmsil edən şəxslərin və İspaniyada keçiriləcək liderlərin görüşlərdən nəticə hasil olması reallaşar. Ermənistan bu şansı dəyərləndirərək və imkanlardan yararlanaraq bir çox problemlərini həll edə bilər. Azərbaycan münasibətdə olduğu ölkələr üçün ucuz kredit verir, enerji resurslarından istifadə üçün şərait yaradır, birgə layihələrə ortaq edir və s. Bunlar Ermənistan üçün böyük şansdır. Əgər İrəvan yenə də düşmənçilik siyasətini davam etdirəcəksə, zərəri özləri görəcək. Azərbaycan sülh müqaviləsi olmasa da, yaşayacaq".