Erməni dilində təbliğata ehtiyac varmı? - Ermənişünas alimdən AÇIQLAMA

Gedənlər gedəcək, qalanlar seçimlərini edəcəklər

Azərbaycan hökuməti reinteqrasiya prosesinə başlayıb və proqram ermənilərə təqdim olunub

Artıq onların arasında vətəndaşlıq üçün müraciət edənlər var

  Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti dialoqu baş tutub. Lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilib. Ekspertlərə görə, hər bir halda Azərbaycan hökumətinin təmsilçilərinin Qarabağdakı erməni sakinlərlə təmasları davam etdirilməlidir. Əgər onlara vətəndaşlıq, rahat və təhlükəsiz həyat vəd ediriksə, bununla bağlı ermənilər arasında davamlı təbliğat getməlidir. Çünki separatçı tör-töküntülər hələ də normal müzakirələrə mane olmağa çalışır, erməni sakinlərin Bakıya inanmasına əngəl olurlar. Ona görə də Qarabağ erməniləri arasında Azərbaycanın güclü təbliğatı aparılmalıdır. Bir sıra şərhçilərin fikrincə, radio, televiziya proqramları vasitəsilə erməni dilində onlara çağırışlar edilməlidir.
  Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a açıqlamasında deyib ki, Qarabağda keçirilən antiterror əməliyyatından sonra Azərbaycan qanunları ilə torpaqlarımızda yaşamaq istəməyən, şərtlərimizi qəbul etməyən, könüllü olaraq bölgəni tərk edənlərə yönəlik heç bir təbliğata ehtiyac yoxdur. Alimin sözlərinə görə, Azərbaycan ərazisində yaşamaq istəyən ermənilər digər vətəndaşlar kimi qeyd-şərtsiz qanunlarımıza tabe olmalı, hökumətin, dövlətin şərtlərini qəbul etməlidirlər:

"Əslində, separatçıların təslim olmasından, tərksilah edilməsindən sonra ermənilərin bir hissəsinin Qarabağdan çıxması təbii prosesdir. Seçim qarşısında olan ermənilərin iki yolu var, ya qanunlarımızı qəbul etməklə vətəndaşlıq alıb burada yaşamalıdırlar, yaxud da birmənalı çıxıb getməlidirlər. Gedənlərə təbliğat gərəkmədiyi üçün qalanlar üçün də ehtiyac duyulmur. Əgər qalıblarsa, deməli, qərarlarını verib, seçimlərini ediblər. Heç bir erməniyə sərbəst öz seçimini etməsi üçün təzyiq göstərilmir və bu haqq onların özünə verilir. Azərbaycan hökuməti reinteqrasiya prosesinə başlayıb və proqram ermənilərə təqdim olunub. Detallar haqqında əlavə bilgilər verməyə ehtiyac var. Artıq ermənilər arasında vətəndaşlıq üçün müraciət edənlər var. Həmçinin erməni sakinlərə humanitar yardımlar, tibbi mallar və yanacaq göndərilib. Bütün reallıqlar ortadadır və əlavə təbliğata ehtiyac yoxdur".