"Erməniləri öz :silahları" ilə vurmaq olar" -RƏY

"Marağa 150" abidəsini erməni yalanlarını sübuta yetirən fakt kimi gündəmə gətirmək lazımdır

  Araşdırmaçı-jurnalist, tarixçi Natiq Məmmədli feysbuk profilində ermənilərin 1978-ci ildə Ağdərədə qoyulan, 1988-ci il hadisələrinin başlanması ilə elə özləri tərəfindən sökülən "Marağa 150" abidəsinin fotosunu paylaşaraq bir təklifi gündəmə gətirib. N.Məmmədli yazıb ki, bu gün Qarabağda haqq və ədalətlə yanaşı, tarixi irsimiz də bərqərar olur. Məscidlərimiz, müqəddəs ziyarətgahlarımız, alban məbədləri bərpa olunur: "Böyük quruculuq prosesi Qarabağa öz həqiqi simasını qaytarır. Bu baxımdan erməni memarlığının xarakterik nümunəsi olan “Marağa-150” abidəsinin də bərpa olunması zamanın tələbidir. Türkmənçay sülhündən sonra ermənilərin İrandan kütləvi şəkildə Qarabağa köçürülməsinin 150 illiyi münaisbətilə 1978-ci ildə özlərinin ucaltdığı kompleks 10 il sonra elə özləri tərəfindən dağıdılsa da, bu fakt torpağın əsl sahiblərinin kim olduğunu təsdiqləyir". Qeyd edək ki, "Marağa-150" dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıqları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Abidənin yerləşdiyi yer hazırkı Şıxarx qəsəbəsidir. Şıxarx qəsəbəsi ilə Tərtər şəhəri arasında 20 dəqiqəlik yol məsafəsi var. Tarixi reallıq odur ki, 1828-ci ildə Çar Rusiyasının Şimali Azərbaycanı işğal etməsindən sonra, Qacar imperiyası ilə bağlanan Türkmənçay müqaviləsinə əsasən ermənilər Qarabağ, Naxçıvan və İrəvana köçürülməli idi. Nəticədə, ilk köçlər ərəfəsində 200 erməni ailəsi Marağa əyalətindən Qarabağa köçürüldü. Ermənilər məskunlaşdıqları ərazini Marağa adlandırsalar da, sonralar kəndin adı erməniləşdirilərək Marağaşen (ermənicə "Marağa kəndi") adlandırdılar. 1978-ci ildə kənddə erməni ailələrinin Marağadan köçüb Qarabağa gəlməsinin 150-ci illiyi ilə əlaqədar abidə ucaldıldı. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra, ermənilərin Qarabağa gəlmə olmalarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstü əvvəlcə daşla örtüldü. Sonra isə qəsdən, təmamilə dağıdıldı. Ermənilər hər zaman Qarabağın dağlıq hissəsində 5-6 əsr yaşadıqlarını iddia edirlər və bunu bütün dünyaya saxta “mənbə”lər əsasında yaymağa çalışırlar. Ermənilərin dünyanı aldatmaq niyyətləri Marquşəvan adlandırdıqları Şıxarx kəndində dağıdılan “Marağa-150” abidəsindən açıq-aşkar məlumdur.
  AMEA-nın elmi işçisi, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a bildirib ki, 1978-ci ildə ermənilər Azərbaycan ərazilərinə köçürülmələrinin 150 illiyini hər yerdə təntənəli qeyd edirdilər. Alimin sözlərinə görə, "Marağa 150" abidəsi də həmin vaxt qoyulmuşdu:

"Ermənilər Azərbaycanın digər bölgələrində, indiki Ermənistan ərazisində, Qərbi Azərbaycanda da müxtəlif abidələr ucaltmışdılar. Ancaq 1988-ci ildən sonra həmin abidələri tarixi faktları isbat etdiyi üçün, yəni ermənilərin torpaqlarımıza gəlişinin tarixini göstərdiyi üçün dağıtdılar. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra çar Rusiyası erməniləri İrandan Azərbaycan ərazilərinə köçürtdü və onlar üçün ayrıca erməni vilayəti də yaratdı. Ermənilər bunu özləri üçün böyük uğur sayırdılar və ona görə də abidələr qoyurdular. Hesab edirəm ki, ermənilərin saxta tarixlərinin ifşası, Azərbaycan ərazilərinə sonradan gəlişinin dəqiq bilinməsi üçün erməniləri öz silahları ilə vurmaq olar. Əlbəttə, bunu hansısa abidə şəklində yox, sadəcə olaraq erməni yalanlarını sübuta yetirən fakt kimi gündəmə gətirmək lazımdır. Həmçinin təkcə bu tipli abidələrdən yox, eləcə də ermənilər tərəfindən yazılmış tarixi mənbələri, kitabları da sübut kimi nümayiş etdirmək faydalıdır. Hamı bilməlidir ki, ermənilər Azərbaycan torpaqlarına 150 il öncə köçürülüb və türklərə məxsus ərazilərdə yerləşdiriliblər. Abidə və yazılı nümunələri hansısa muzeydə də sərgiləmək mümkündür".