Ermənistan rəsmilərinin yersiz "beynəlxalq sülhməramlı" təklifi - RƏY

Artıq proses başlayıb və qısa zamanda yekunlaşacaq

  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağda BMT-nin mandatı ilə sülhməramlılar yerləşdirməyin vacibliyindən danışıb. Mirzoyan deyib ki, Qarabağda "sabitlik və təhlükəsizliyin təmin edilməsi" üçün BMT mandatı altında sülhməramlı qüvvələrə bölgəyə gəlməsi üçün imkan yaratmaq lazımdır. Qeyd edək ki, İrəvan hökuməti bu məsələni bir neçə dəfə gündəmə gətirib. BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik isə bildirib ki, Ararat Mirzoyanın Qarabağa BMT sülhməramlı missiyasının göndərilməsi təklifi yalnız Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçirilə bilər: “İstənilən sülhməramlı missiyalarla bağlı qərarlar BMT Təhlükəsizlik Şurası tərəfindən verilir”. Qərbi Azərbaycan İcması isə Mirzoyana sərt cavab verib. İcmanın bəyanatında bildirilib ki, Mirzoyanın çağırışı olduqca məsuliyyətsiz və təhlükəli açıqlamadır: "BMT-nin qurumlararası missiyasının getməli olduğu ölkə Ermənistandır. Özünün suverenliyini, ərazi bütövlüyünü, “qırmızı xətt”lərini daim qabardan Ermənistanın Azərbaycanı öz suveren ərazilərindən geri çəkilməyə çağırması bir daha rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddiasını, sadəcə bunu indi başqa ad altında pərdələməyə məcbur olmasını sübut edir. “BMT tərəfindən mandat verilmiş sülhməramlı qüvvələr” dedikdə yəqin ki erməni nazir Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərində yerləşdirilməsi kimi xam xəyalı nəzərdə tutur. Aydındır ki, bunu Avropa İttifaqı, Fransa, Almaniya kimi ölkələr A.Mirzoyanın çıxışına salıblar".
  Politoloq Qabil Hüseynli də "Sherg.az"a bildirib ki, Ermənistan rəsmilərinin "beynəlxalq sülhməramlı" təklifi yersiz və təxribat xarakterlidir. Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi birmənalı olaraq beynəlxalq missiyanın, sülhməramlı qüvvələrin torpaqlarımıza yerləşdirilməsinə qarşıdır:

"Qarabağda yaşananlar Azərbaycanın daxili işidir, öz məsələsidir. Heç kimin kənardan buna etməyə haqqı, səlahiyyəti yoxdur. Artıq proses başlayıb və qısa zamanda yekunlaşacaq. Bir öz ərazilərimizdə Rusiya sülhməramlılarının da olmasını istəmirik. Rəsmi Bakı daxili problemlərini özü həll edəcək qüdrətdədir. Göründüyü kimi, Qarabağdakı ermənilərlə bağlı problemləri də özümüz həll edirik. İlkin təmaslar müsbət nəticələr verməkdədir. Kənardan gələn hər güc bölgəni qarışdırır, prosesə töhfə verməkdən çox ziyan vurur".