Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib.
Separatçıların rəhbəri Samvel Şahramanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında “qərar" imzalayıb.
Qeyd olunub ki, mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə əldə edilmiş razılığı nəzərə alaraq, “Dağlıq Qarabağ” sakinlərinin sərbəst, könüllü və maneəsiz keçidi, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakları ilə Laçın yolu boyunca nəqliyyat vasitələri ilə təmin olunduğu üçün separatçı rejimin fəaliyyətinin dayandırılması qərara alınıb.
Bildirilib ki, Qarabağın erməni əhalisi Qarabağda qalmaq (qayıtmaq) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün mərkəzi hakimiyyət orqanları tərəfindən təqdim olunan reinteqrasiya şərtləri ilə tanış olmalıdır.
Məsələni “Sherg.az”a şərh edən siyasi şərhçi Asəf Quliyev vurğulayıb ki, hadisələrin belə gedişini çoxu kimi o da gözləməyib:
“Hər şeyin bir göz qırpımında baş verməsi hərdən adama yuxu kimi gəlir. Baş verənlər birmənalı Azərbaycan dövlətinin və dövlət başçısının iradəsinin təzahürüdür. Ermənilərin belə tez bir zamanda təslim olması və Azərbaycanın bütün tələblərini qeyd-şərtsiz yerinə yetirməsinə gəlincə, uzun illər bu məsələləri araşdıran bir jurnalist kimi bir səbəbini görürəm: Ermənilərin artıq nəyəsə ümidi qalmadı. Onlar axır ki, illərlə inandıqları böyük Ermənistan xülyasına inanmaqdan vaz keçdilər”.
Analitik əlavə edib ki, reinteqrasiya məslələri isə bir qədər fərqlidir:
“Hesab edirəm ki, reinteqrasiyaya artıq ehtiyac qalmaya bilər. Çünki Qarabağda ermənilərin qalacağı çox az ehtimal olunur. Artıq 3 gündür ki, Xankəndi-Laçın yolunda köç karvanı müşahidə edilir. Bu köç karvanı Azərbaycan dövlət strukturları ermənilərin yaşadığı ərazilərə daxil olana qədər başlayıb. Ola bilər ki, Azərbaycan dövlət strukturları nümayəndələri yaşayış məntəqələrinə daxil olandan sonra bu köç bir az da olsa, səngisin. Çünki sadə ermənilər Azərbaycan dövlət nümayəndələrinin onlara qarşı davranışlarında qeyri-adi bir məqam görmədikdə anlayacaqlar ki, separatçıların illərlə dedikləri uydurmadır. Amma hesab etmirəm ki, az sayda qalan ermənilər Qarabağda qalmaq istəsin. Ona görə ki, mənəvi-psixoloji baryerlər var. Bu baryerləri isə aşmaq asan olmayacaq. Amma Azərbaycan yəqin ki, buna cəhd edəcək. Prosesin davamlı olması, yəni real nəticəsi üçün bu günə qədər və yaxın günlərdə Azərbaycanı tərk etmiş, həmçinin tərk etməyə hazırlaşan ermənilərin geri qayıtması lazımdır. Qayıdacaqlarmı? Şəxsən mən bu sualın cavabını bilmirəm”.