Rusiya Ermənistanın yanında idi, amma indi...  - Cümşüd Nuriyev

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasına töhfə vermiş erməni deputatlara qarşı sanksiyaların tətbiqi ehtimalını istisna etmək olmaz.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komissiyasının sədr müavini Aleksey Çepa deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-ın təzyiqi altında baş verir, lakin bu cür hərəkətlərə görə deputatlar da məsuliyyət daşıyırlar”, - Çepa bildirib.

Aleksey Çepanın fikirlərinə münasibət bildirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Ermənistan Parlamentinin Roma Statutunu qəbul etməsi Rusiya üçün soyuq duş effektini verdi:

"Bu məsələdə Amerika Birləşmiş Ştatlarının müəyyən qədər təsiri var. Amma burada deputatın məsuliyyət daşıması düzgün deyil. Yəni bu ölkənin qərarıdır. Həmin qərarı da Parlament qəbul edir. Ona görə də, məsələdə kiminsə  məsuliyyət daşımasından söhbət gedə bilməz. Azərbaycan dəfələrlə rəsmi Moskvaya bildirirdi ki, ermənilər əvvəl-axır sizi satacaq. Çünki onların tarixini biz daha çox oxumuşduq. Rusiya erməniləri bura gətirməklə son 195 il ərzində onların əli ilə Cənubi Qafqazı yönəldib. Ermənilər hər zaman ona çörək verənə təpik atıb. Əgər Rusiya olmasa, Ermənistan adında bir dövlət olmayacaqdı.

 Şimal qonşumuz ermənilərin  xislətini yeni-yeni dərk edir. Həqiqətən də indiki zamanda Rusiya və Ermənistan arasında vəziyyət çox gərgindir. Hətta durum getdikcə daha da pisləşəcək. Çünki Rusiya Nikol Paşinyanı hakimiyyətdən sala bilmir. Buna isə Amerika tərəfi imkan verməyəcək. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etmək üçün müəyyən addımlar atdı. Rusiya isə buna qarşı çıxmayaraq göz yumdu.

 İndiyə qədər Rusiya dövləti Fransa və ABŞ kimi Ermənistanın yanında idi. Amma indi Rusiya öz üzərində Ermənistanın onlara olan xəyanətini hiss edir. Bu ermənilər bundan sonra ABŞ və Fransanı da satacaq. Ermənistan tarixinə nəzər salsaq, onların hər zaman yalnız öz şəxsi maraqlarına xidmət etdiklərini görərik. Onların düşüncə tərzi bəlkə də qəbilə səviyyəsindədir. Ermənilər tayfa düşüncəsi ilə yaşayır və onlara millət belə demək olmaz. Rusiya Ermənistanı tamamilə işğal etmək üçün müəyyən addımlar ata bilər. Ermənistanın bütün dəmir yol sistemi rəsmi Moskvanın əlindədir. Həmçinin, rəsmi İrəvanın Rusiya dövlətinə çoxlu borcu var. Ona görə də, Rusiya Ermənistanın infrastrukturunu tamamilə ələ keçirə bilər. Buna isə nə Amerika, nə də Fransa mane ola bilər. Bu da Cənubi Qafqazda yeni müharibənin başlamasına gətirib çıxarar. Rusiya Ukraynadakı uğursuzluğunu Ermənistanda tam  başa çatdıra bilər".