Paşinyan kreslosunu qoyub qaçarsa...

Baş nazir Nikol Paşinyan yeni hərəkat yaratdığını elan edən keçmiş müdafiə naziri Arşak Karapetyanın arxasında kimin dayandığını öyrənmək üçün dərhal Ermənistanın Rusiyadakı səfirinə zəng edib.

Bu barədə "Joğovurd" qəzeti yazıb.

"Keçmiş müdafiə nazirinin siyasi səhnədə görünməsi hakimiyyət üçün sürpriz oldu”, - nəşr yazır.

"Joğovurd"un məlumatına görə, Arşak Karapetyan Paşinyanı Rusiya Federasiyasının hərbi-siyasi elitasına mənfi təqdim edib və rusları inandırıb ki, hökumət başçısı və onun komandası onların güman etdikləri kimi “sorosçu”dur.


Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov "Sherg.az"a vurğulayıb ki, Nikol Paşinyanın zəifləməsi Ermənistanda və onun xaricində olan qüvvələri bir növ səhnənin önünə çıxarmağa başlayıb:


"Bu isə təsadüfi olan bir şey deyil. Çünki Ermənistanda hərcmərclik şəraiti hökm sürür. Digər tərəfdən hökumətin xüsusilə də, Nikol Paşinyanın fərsizliyi bütün çılpaqlığı ilə cəmiyyətin qarşısındadır. Dünya erməniləri və Ermənistanın daxilində yaşayan insanlar Paşinyanın hakimiyyətini saxlayıb, saxlamayacağı sualına cavab tapmaq istəyirlər. İkinci düşündükləri sual isə Nikol Paşinyandan sonra hakimiyyətə kimin gəlməsidir? Arşak Karapetyan və ona bənzər şəxslər hakimiyyətə gəlmək üçün çalışırlar ki, yaranmış boşluqdan istifadə etsinlər. Yəni İrəvanda vəziyyət nəzarətdən çıxar və Nikol Paşinyan öz kreslosunu qoyub qaçarsa, onlar tez bir zamanda hərəkətə keçərək hakimiyyəti ələ almağa çalışacaq. Fransa və Olaf Şolts çalışacaq ki, Rusiyadan gələn imperativlərin qarşısını alsın. Fransa dövləti bölgədə güclənmək üçün özünə məxsus siyasət oynayır. Həmçinin, ABŞ-də onu bu işlərə sövq edir. Ona görə də, onlar rusiyapərəst qüvvələrin bir daha Ermənistanda hakimiyyətə gəlməsinə imkan verməyəcək. Amma bu çox yanlış bir yanaşmadır. Çünki Rusiyanın təsir rıçaqları Ermənistanda var və hələ ki, Şimal qonşumuz onları təqib etmir. Amma vəziyyət köklü sürətdə dəyişsə, Rusiya bu məsələni dözümlə qarşılaşmayacaq. Biz kollektiv Qərbin bu proseslərdə oyuna qapılmasının şahidiyik. Onlar Rusiyanın Ukrayna istiqamətində resurslarının tükəndiyini fikirləşirlər. Digər tərəfdən düşünürlər ki, Cənubi Qafqazda, üstəgəl, Ermənistan da Rusiya heç nə edə bilməz.

 Əgər indi Ermənistanda seçki keçirilsə, Nikol Paşinyan yenə qalib gələcək. Belə olan zaman onu devirmək istəyən qüvvələr öz başlarına çarə qılmağa çalışsınlar ki, bu proseslərə düzgünmü qatılıblar. Nikol Paşinyan öz hakimiyyətini saxlayacaq. Amma onun yeganə çıxış yolu Makron, Şolts kimilərə uymamaq və Azərbaycan Türkiyə ilə qeyd-şərtsiz barışığa getməkdir. Həmçinin, öz ölkəsinin durumunu bölgədə normal hala gətirməlidir. Ermənistan bu vaxta qədər başqalarının fitvasına gedərək bu gün quyunun dibinə düşüb. 

Baxmayaraq ki, ötən il iqtisadi sahəsində 12% artım olmuşdu. Bu artımı isə təsadüfən şərtləndirən amillər vardı. Birincisi,  buna səbəb Ukrayna və Rusiyadan köç etmiş xeyli sayda insanların həm maliyyə, həm də biznes hesablarına Ermənistana gəlməsi idi. Digər tərəfdən Ermənistanın qaçaqmalçılıq yolu ilə sanksiyalardan yayınaraq lazımi məhsulları Rusiya bazarına çıxarması olmuşdu. Bunların hamısı onlara maliyyə vəsaitləri gətirmişdi. Buna görə də, həmin bir illik artım bundan sonra təkrarlanmayacaq. Ermənistan öz başına çarə qılmalıdır. Onlar iqtisadiyyatının real sektoru çox zəif olan bir məmləkətdir. Ermənistan Baş Naziri həqiqətən ölkəsinin müqəddəratı ilə maraqlanırsa, gərəkdir ki, köklü şəkildə siyasətini dəyişsin və Azərbaycan ilə barışığa getsin".