Hakim partiya israrlı olsa, impiçment baş tutacaq - Gürcüstanda son durum

Ölkə prezidenti Salome Zurabişvilinin Konstitusiya Məhkəməsində impiçment təqdimatına baxılması başa çatıb.

"Sherg.az" 24News.geyə istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Merab Turavanın sözlərinə görə, Konstitusiya Məhkəməsinin Plenumu prezidentin impiçmenti ilə bağlı qərar qəbul etməyə gedib. Oktyabrın 14-dək məlum olmalıdır ki, 9 hakimdən ibarət kollegiya nə qərar verəcək.

Məhkəmənin plenar iclasının yekunu Konstitusiya ilə müəyyən edilmiş müddətdə parlamentə göndəriləcək.

Məhkəmənin müsbət nəticə verəcəyi təqdirdə prezidentin vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi lazımdır.

Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, burada impiçment qərarının qəbul edilməsi mümkündür:

"Çünki hakim partiya ilə Salome Zurabişvilinin tez-tez fikirləri üst-üstə düşmür. Həm Baş Nazir İrakli Qaribaşvili, həm də Gürcüstan siyasətinin oliqarxı, xaç atası sayılan İvanaşvili ilə mübahisələr edir. Həmçinin, mövcud hakimiyyətin, "Gürcü arzu"su partiyasının qərarına qarşı tərs addımlar atır. Eyni zamanda Rusiya ilə yaxınlaşma məsələsində çox sərt açıqlamalar verir və Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı təşəbbüs göstərir. Bütün bunlar hakimiyyətlə onun münasibətlərini pozur. Əgər impiçment lahiyəsi parlamentə gələrsə, "Gürcü arzu"su o çoxluğu yaxalaya biləcək. Çünki "Gürcü arzu"sunun parlamentdə tərəfdarları çox olsa da, blok şəklində təmsil olunub. Fərqli partiyalar mövcuddur. Ola bilər ki, partiyaların bəziləri Avropa İttifaqı və Fransa ilə münasibətləri pozmamaq üçün Salome Zurabişvilinin impiçment əleyhinə səs verməsinlər. Amma burada əsas məsələ hakim partiyanın fəaliyyətindən asılı olacaq. Hakim partiya israrlı olsa, impiçment baş tutacaq".


Qeyd edək ki, hakim partiyanın Prezidentin impiçmenti prosedurunu tamamlaması üçün parlamentin 100 deputatının dəstəyinə ehtiyacı var. Lakin partiya hazırda 84 deputatla təmsil olunur. Müxalifət proseduru dəstəkləməyəcəyini bəyan edib.