Əminəm ki, fələstinlilər “Əqsa tufanı” əməliyyatı nəticəsində qalib gələcəklər.
Bunu İran Prezidenti İbrahim Rəisi deyib.
Rəisi bildirib ki, İran dünyanı məzlum Fələstin xalqına qarşı zülm və ədalətsizliyin, qadınlara və məhbuslara davamlı zorakılığın, müqəddəs Qüdsün təhqir olunmasının əbədi olaraq davam edə bilməyəcəyinə diqqət yetirməyə çağırır:
“İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir. Sionist rejim və onun havadarları region ölkələrinin təhlükəsizliyini təhdid etməkdə məsuliyyət daşıyırlar və buna görə cavab verməlidirlər. Müsəlman hökumətləri islam ümmətinə qoşulmalı və Fələstin xalqını vicdanla dəstəkləməlidir. Sionist düşmən də bilməlidir ki, qüvvələr nisbəti dəyişib, müharibəni qızışdırmaq sionistlərə fayda verməyəcək. Bu döyüş meydanında qalib Fələstin xalqıdır”.
İbrahim Rəisinin fikirlərinə münasibət bildirən Sədrəddin Soltan "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Fələstin məsələsi yeni hadisə deyil. Regionda gedən beynəlxalq güclərin mübarizəsi Fələstində toqquşur:
"İstər Sovet dövründə, istərsə də indi bu ziddiyyət davam edir. Digər tərəfdən Məhəmməd Rza şah da öz dönəmində Fələstin azadlıq hərəkatını müdafiə edirdi. Hazırkı rejim hakimiyyətə gəldikdən sonra da bu istiqamətdə fəaliyyətini dərinləşdirdi. İrandakı Şah və indiki rejim Fələstin xalqının mübarizəsini dəstəklədiklərini bildiriblər. Amma bu məsələnin din ilə əlaqələndirilməsi məntiqi deyil. Çünki İran tərəfi Azərbaycan torpaqları 30 il işğal altında olanda bu şəkildə canfəşanlıq göstərmədi.
Halbuki Qarabağın işğalı zamanı da dövlətlərin maraqları qarşılaşırdı. İranın ali rəhbəri Ayətullah Xamneyi, Prezident İbrahim Rəisi, Silahlı Qüvvələr baş qərargah rəisi Məhəmməd Baqeri, Sepahın komandanı Hüseyn Səlami və dövlət rəhbərləri bəyan edirlər ki, HƏMAS-ın mübarizəsinin yanındadırlar. "HƏMAS"ın hərbçiləri Fələstin hökumətinin hərbi qüvvəsi demək deyil. Sadəcə olaraq HƏMAS Fələstinin Qəzza zolağında hakimiyyətdə olan bir siyasi təşkilatdır. Həmçinin, HƏMAS-ın mübarizəsini "İslamı- Cihad" kimi silahlı quruplaşma dəstəkləyib.
Ona görə də, bunu Fələstin xalqının mübarizəsi kimi təqdim edilməsi müəmmalı məsələdir. Düzdür, Mahmud Abbas Fələstin xalqının mübarizə aparmaq haqqından danışır. Amma HƏMAS Fələstin dövləti təmsil etmir. Bu baxımdan İran hakimiyyətinin HƏMAS-ın yanında olduğunu demək mümkündür. Bu müharibə "HƏMAS"ın xeyli hərbi obyektlərinin itkisinə səbəb olacaq. Hər iki tərəfdən dinc əhalinin həlak olması istisna olunmur. Eyni zamanda döyüşçü itkisi də baş tutacaq. Amma ən böyük məsələ "HƏMAS"ın hərbi potensialının zəifləməsi olacaq. İsrail hökuməti HƏMAS-ı tamamilə neytrallaşdırmağı qarşısına məqsəd qoyub. Bu isə HƏMAS-ın perspektivdə Qəzza zolağında yenidən qüvvə kimi ortalığa çıxma ehtimalını azaldır".