Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı əlaqəyə “yox” deməklə, bundan ancaq biz əziyyət çəkəcəyik. Alternativlər həmişə olacaq.
Bunu erməni hüquq müdafiəçisi Vardan Arutyunyan Feysbuk səhifəsində yazıb.
“Min dəfə yazmışam, min dəfə də yazacağam, Ermənistanın yeganə resursu körpü olmaqdır, bizim ərazimizdən çoxlu və rəngarəng yollar keçməlidir. Təbii ki, onlar Ermənistana məxsus olmalıdır. Onlar Azərbaycanı, Naxçıvanı və Türkiyəni, İranı, Qara dənizi və hətta daha uzaq ölkələri birləşdirməlidir. Qorxmamalı və dünyaya açılmalıyıq. Biz yol verməkdən imtina etsək, anklav olacağıq, dəyərimiz olmayacaq. Azərbaycanla Naxçıvan arasındakı əlaqəyə “yox” deməklə, yalnız biz zərər görəcəyik. Alternativlər həmişə olacaq. 2000-ci illərin əvvəllərində Bakı-Ceyhan bizdən yan keçib, digər kommunikasiyalar da bizdən yan keçəcək”, - o bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməklə, özünü olduqca önəmli geopolitik, geostrateji və geoiqtisadi layihələrdən kənarda qoya bilər:
"Bu halda, Ermənistan Zəngəzur dəhlizindən hər il qazana biləcəyi yüz milyonlarla dollarlıq maliyyə vəsaitini itirmiş olacaq. Halbuki, Ermənistanın belə maliyyə vəsaitlərinə olduqca ehtiyacı var. Bu, Ermənistanın iqtisadi inkişafına münbit şərait yarada bilər.
Ancaq qonşularla düşmənçilik üzərində qurulmuş erməni zehniyyəti buna əngəl törədir. Eyni zamanda, Fransa və
Avropa Birliyi də Ermənistanın Zəngəzur dəhlizinə müqavimət göstərməsini təşviq edir. Çünki Qərb siyasi dairələri bu dəhlizə həm də Türk dünyasını birləşdirəcək faktor kimi yanaşırlar. Bu baxımdan, Ermənistanın hələ bir müddət də Zəngəzur dəhlizinə əngəl törətməyə çalışacağı qətiyyən istisna deyil.
Belə vəziyyətdə itirən isə yalnız Ermənistan olacaq. Çünki heç kim Ermənistanın “kaprizlər”inə vaxt sərf etməyəcək. Əslində, artıq bu istiqamətdə müəyyən addımların atılmağa başladığı da müşahidə olunur. Azərbaycan və İran arasında bu marşrutun Ermənistandan yan keçməklə, məhz İran ərazisindən aparılması barədə razılıq əldə olunub. Hətta anlaşmanın icrasına da başlanılıb. Belə davam edərsə, Ermənistan özünü blokada şəraitinə məhkum etmiş olacaq".