Cənubi Qafqazda söz sahibi Azərbaycandır!

Rusiya, Avropa İttifaqı və ABŞ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində birgə fəaliyyət göstərə bilər.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib.

Qaluzin qeyd edib ki, Qərb Moskvanın vasitəçiliyi ilə əldə edilən nailiyyətləri nəzərə alsa, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində Rusiya, Avropa İttifaqı və ABŞ birgə fəaliyyət göstərə bilər.


Mixail Qaluzinin fikirlərinə münasibət bildirən politoloq Azad Məsiyev "Sherg.az"a açıqlamasında söyləyib ki, dünya siyasətində söz sahibi dövlətlərin maraqları həmişə toqquşur:

"Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında hərbi, siyasi və iqtisadi sahadə bir savaş gedir. Bu mübarizənin birinci episentri Ukraynadısa, ikincisi, Cənubi Qafqazdır. Cənubi Qafqazda da  ABŞ və Rusiyanın siyasi maraqları qarşılaşır. Ermənistan Azərbaycan arasında sülh sazişinin əldə olunmasında dalana dirənməsi də məhz bu məsələdən qaynaqlanır. 

Yəni ABŞ  Rusiya arasında Cənubi Qafqaz üzərində gedən savaşın elementləri Azərbaycan və Ermənistandır. Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarının kadrıdır. ABŞ-ni Paşinyan üzərindən Cənubi Qafqazda öz siyasətini həyata keçirmək istəyir. O cümlədən də, Ermənistanda Rusiyanın maraqlarını zəiflətməyə çalışır. Bu gün Cənubi Qafqazda çox mürəkkəb geosiyasi vəziyyət yaranıb. Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqları bu geosiyasi müstəvidə müzakirə olunur. 

Moskva, Brüssel və Vaşinqton formatı var idi. Bu üç formatda aparılan danışıqların hamısı fiaskoya uğradı. Nikol Paşinyan son vaxtlar açıq şəkildə antirusiya fəaliyyəti ilə məşğuldur. Xüsusilə də, Roma stutunun təsdiqlənməsi Rusiya ilə körpülərin yandırılması deməkdir. Belə olan halda Mixail Qaluzinin bu fikirləri səsləndirməsi real görünmür. Brüssel və Vaşinqton formatları da eyni pozisiyadan çıxış edir. Avropa Birliyi xarici siyasətində Amerika Birləşmiş Ştatlarından hansı təlimatlar gəlirsə, onu həyata keçirir. 

Brüsselin açıq şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti apardığı göz önündədir. İstər Fransa, istərsə də Almaniyanın Azərbaycan əleyhinə fəaliyyəti Avropa Birliyinin  bu məsələdə ədalətli davranmadığını göstərir. Ümumilikdə  ABŞ isə  hər vasitə ilə Paşinyanı gücləndirməyə çalışır. Ermənistan Azərbaycan münaqişəsi Beynəlxalq müstəvidən regionala endirilməlidir. 

Artıq regionun inkişafı üçün Türkiyə Prezidentinin təklif etdiyi "3+3" formatı var. Bu format həyata keçirilsə, Cənubi Qafqazda müəyyən stabilllik yarana bilər. Türkiyə, İran və Rusiya həmin məsələdə maraqlıdırlar. Həmçinin, Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı onlarında mövzuya vasitəçilik etmək istəməsini vurğulamışdı. Cənubi Qafqazdakı region dövlətləri əməkdaşlıqlarını sürətlə davam etdirməlidirlər. Cənubi Qafqaz münaqişə ərazisi olmağa davam etdiyi müddət ərzində bölgədə iqtisadi münasibətlərin həyata keçrilməsi real görünmür. Buna görə də, ABŞ  və Qərb koalisiyası "3+3" formatının pozulmasına can atırlar. 44 günlük müharibənin nəticəsi olaraq ABŞ-nin Cənubi Qafqaz proyekti fiaskoya uğradı. Artıq Cənubi Qafqazda söz sahibi Azərbaycandır. 

ABŞ Gürcüstanda hakimiyyət dəyişikliyi etməklə onlar vasitəsilə Azərbaycana təzyiq göstərməyə  çalışırlar. Çünki Şimal qonşumuzun Cənubi Qafqaz strategiyası Azərbaycan üzərindən keçir. Başda ABŞ olmaqla Qərb Azərbaycanı antirusiya koalisiyasına cəlb etməyə çalışır. Bu  isə bizim  fikirlərimizə uyğun deyil. Azərbaycan illər ərzində balanslı siyasət yürüdüb və böyük dövlətlərin əlində alətə çevrilməyib. Eyni zamanda Rusiya ilə həm iqtisadi, həm də siyasi münasibətlərin inkişafı dövlət maraqlarımıza uyğundur".