Azərbaycan Ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəkləyirik.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Onun sözlərinə görə, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni fürsətlər yaranıb:
“Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşmaya mümkün qədər tez nail olacağıq”.
Türkiyə dövlətinin hər zaman Azərbaycanın sülh gündəliyini dəstəklədiyini deyən politoloq Sultan Zahidov "Sherg.az"a bildirib ki, həm Azərbaycan, həm də Türkiyənin ən yüksək dövlət rəsmiləri və Prezidentləri dəfələrlə bu mövqeyi vurğulayıblar:
"Prezident İlham Əliyev Gürcüstana səfərindən sonra baş tutan mətbuat konfransında Cənubi Qafqazda sülhü bərqərar etməyin vaxtının yetişdiyini söylədi. Uzun illər ərzində Azərbaycan torpaqları işğal altında qalıb və Qarabağ münaqişəsi regiondakı sülh prosesinə əngəl olan ən böyük faktor idi. 2020-ci ildə 44 günlük müharibə ilə bu problem aradan qalxdı. Azərbaycan sülhün yolunda Qordi düyünü olan Qarabağ məsələsini "dəmir yumruq" ilə məhv etdi. Dövlətimiz həm işğala son qoydu, həm də öz suverenliyini bərpa etdi. Bununla da sülhə əngəl törədən hansısa faktor qalmadı.
44 günlük savaşdan sonra da Ermənistan Qondarma rejim məsələsini ortaya qoyaraq, erməniəsilli sakinlərin hüquqları üçün beynəlxalq mexanizmlərdən istifadə edirdi. Bu isə Nikol Paşinyanın qondarma rejimin dırnaqarası maraqlarını nəzərə aldığını göstərirdi. Bu məsələ isə kökündən həll olundu. Artıq iki ölkə arasında sülhün imzalanması üçün real zəminlər var. Amma burada Ermənistanın konstruktiv olması hər şeydən önəmlidir.
Həmçinin, Gürcüstanın bu məsələdə vasitəçi kimi iştirakı sülh prosesinə daha çox töhfə verər. Burada əsas maneələr Fransa, Rusiya, İran və Avropa Birliyinin öz kirli oyunlarını oynamasıdır. Fransa pos-kolonial maraqlarını reallaşdırmaq üçün Ermənistanı hər cür uçuruma sürükləyir. Eyni zamanda Ermənistanı silahlandırmağa davam edir. Bu isə Azərbaycanın müvafiq reaksiyalarına gətirib çıxaracaq. Sülhün olması üçün öncə kənar qüvvələr müdaxilə etməməlidir. Ermənistan siyasi iradə göstərərək Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında sülh sazişinə konstruktiv mövqe ilə yanaşmalıdır. Bundan sonra da sülh ilə bağlı müxtəlif görüşlər baş tutacaq. Məsələn, qarşıdan Brüssel görüşü gəlir. Bundan sonra Ermənistan tərəfi daha müstəqil mövqe ortaya qoya bilər".