Həbs edilərək istintaqa cəlb olunanların hamısı hərbi canilər, separatçılar, terrorçulardır. Onların əli günahsız azərbaycanlıların qanına batıb, buna görə cavab verməlidirlər. Azərbaycan xalqına qarşı törədilən cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
O bildirib ki, Ermənistanda və Rusiyada, başqa ölkələrdə gizlənən canilər də tutularaq istintaqa cəlb ediləcək:
“Heç bir hərbi cani törətdiyi əməllərinə görə cəzasız qalmayacaq. Bu şəxslər müharibə cinayətləri, insanlıq əleyhinə ən qanlı əməllər törədib. Həmin canilər heç də hərbi qanunlarla davranmayıblar, cinayətkar aləmin qaydaları ilə dinc azərbaycanlılara amansızcasına divan tutublar. Onları bağışlamaq, əfv etmək olmaz”.
Azərbaycanın işğal faktorunu aradan qaldırıb, ərazi bütövlüyü və dövlət suverenliyi təmin etdikdən sonra xalqımızı narahat edən bir məsələnin olduğunu deyən politoloq Anar Əliyev "Sherg.az"a bildirib ki, bu birinci və ikinci Qarabağ müharibəsində dinc sakinlərə qarşı soyqırım törətmiş, aksiyalarda iştirak edən şəxslərin həps olunması olub:
"Azərbaycan bir neçə ay öncə Laçın buraxılış məntəqəsində Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitəsilə Ermənistana keçməyə cəhd edən Vaqif Xaçatryanın həbs olunub Bakıya gətirilməsini həyata keçirdi. Bu şəxs Birinci Qarabağ müharibəsində dinc sakinlərimizin amansızcasına qətlə yetirilməsində iştirak edib. Bu hadisəni həmin dövrdə insan hüquq və azadlıqlarına qarşı bir addım kimi qiymətləndirən Ermənistan, onun havadarlarına açıq şəkildə mesaj idi.
Yəni dövlətimiz növbəti dövrlərdə Azərbaycan xalqının qanına əli batmış digər cinayətkarların da cəzalandırılması istiqamətində addımlar atacağı ilə bağlı möhkəm bir rəy formalaşdırdı. Bundan sonra Azərbaycana qarşı kampaniya həyata keçrilməsinin, təzyiqlərin və hərbi cinayətkarların qorunması yolunda müəyyən hərəkətlərin olmasını müşahidə etdik. Amma Azərbaycanın qətiyyətli mövqeyi əli körpə qanına batmış və soyqırımlarda iştirak etmiş bütün canilər həbs olunaraq məhkəmə qarşısına çıxarılmasından ibarətdir.
Bunun nəticəsini isə antiterror tədbirlərindən sonra separatçı qurum nümayəndələrinin həbs olunaraq Bakıya gətirilməsində gördük. Bundan sonra da təsdiqlənmiş məlumatlar ilə Azərbaycan xalqına qarşı cinayətlərdə əli olmuş insanlar dünyanın istənilən bölgəsindən tapılaraq Bakıya gətirilməsi istiqamətində Azərbaycanın müvafiq orqanları zəruri addımlar atacaq. Həmin cani şəxslər heç bir dövlətə və gücə arxayın olaraq insanlıq əleyhinə törədilmiş əməllərinin cəzasız qalacağına ümid etməsinlər. Azərbaycan dövləti özünün haqlı bildiyi Beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyində dönməzdir. Heç bir ölkə və qüvvə təzyiq edərək Azərbaycanı haqlı yolundan döndərə bilməz. Azərbaycam dövləti Xocalı və digər soyqırımların həyata keçrilməsində iştirak edən şəxslərin qanun qarşısında cavab verməsinə nail olmaq üçün özünün məqsədi və ardıcıl fəaliyyətinə davam edəcək. Ən axırıncı cani həbs olunana qədər bu proses davamlı olacaq".