HƏMAS-ın İsrailə hücumu Rusiya Prezidenti Vladimir Putinin doğum gününə hədiyyə idi.
Bu barədə ABŞ-nin “Politiko” nəşri yazıb.
“Yaxın Şərqdə belə dağıdıcı təhlükəsizlik şoku Qərbin dəstəyini və diqqətini Ukraynadan yayındırmaq olan Rusiya prezidenti üçün çox güman ki, xoş sürpriz oldu. Bir çoxları üçün Putini Qərbin idarə edə bilməyəcəyi həddən artıq konfliktlərə səbəb olan dahi və ya kukla ustası kimi görmək cazibəlidir. Reallıqda isə Putin bütün bu böhranları başlamadı, amma indi odun üstünə yağ töküb öz xeyrinə istifadə etməkdən məmnundur. Xaosdan həzz alır”, - nəşr bildirib.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a vurğulayıb ki, HƏMAS-ın qəflətən İsrailə hücüm etməsi ilə bağlı proqnozlar müxtəlifdir və çoxluq təşkil edir:
"Hətta Rusiyanın özündən olan bəzi ekspertlər qeyd edirlər ki, burada Vladimir Putinin əli vardır. Hətta "Vaqner" qruplaşmasının istifadə etdiyi taktika aydın şəkildə HƏMAS-da hiss olunur. Eyni zamanda Rusiya və İranın son dövrlər hərbi-texniki əməkdaşlığı da rəsmi Tehranın HƏMAS ilə əlaqələrində göstərməkdədir. Hücum Vladimir Putinin ad günündə olsa da, müəyyən qədər siyasətdə rəmzilik də əhəmiyyətlidir. Digər tərəfdən İsrail Fələstin münaqişəsinin alovlanması Rusiya Ukrayna müharibəsi zəminində diqqəti yanındırmaq üçün önəmli fürsətdir. Artıq Qərbin aparıcı dövlətləri İsrailə öz siyasi dəstəklərini ifadə ediblər. Həmçinin, hərbi sahadə də belə yardımlar olunur. Bunun özü də Ukraynaya vəd edilən hərbi köməyi məhdudlaşdırmaq məqsədinə gələ bilər. Rusiya istənilən halda buna görə proseslərdən qazanclı çıxır. İsrail-Fələstin savaşından sonra neftin qiyməti bahalaşmağa doğru getdi. Rusiya isə neftin satışından milyardlarla gəlir əldə edəcək. Bu isə Şimal qonşumuzun güclənməsinə və hərbi sahadə yaranan problemlərin maddi cəhətdən həll edilməsinə bir şərait yaradacaq".
Qeyd edək ki, 7 oktyabrda HƏMAS-ın İsrailə kütləvi hücumunu Qiyamət müharibəsinin ildönümü ilə əlaqələndirirlər. Qiyamət savaşı (Yom Kippur müharibəsi) 1973-cü il 6 oktyabrda başlamış və 25 oktyabrda başa çatmışdı. İsrail təkbaşına Misir və Suriya ordularını geri oturtmağı bacarmış, hətta müharibəni bu ölkələrin ərazilərinə keçirmişdi.
Eyni zamanda 7 oktyabr Rusiya Prezidenti Putinin ad günüdür.