İraq və Suriyanın şimalındakı yuvalarından ölkəmizə hücum etməyə hazırlaşan terrorçulara nəfəs almağa imkan vermirik. Hava əməliyyatlarımız, artilleriya bölmələrimiz və lazım gəldikdə quru bölmələrimizlə hər zaman başlarının üstündəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Terrorçuların tərəfinə keçərək bizə zərər verənlərə sonda cavab verəcəyimizə heç kimin şübhəsi olmasın. Körfəz müharibəsindən qalma hesablarını Suriyadakı terror təşkilatına arxa çıxaraq davam etdirməyə çalışanların milli maraqlarımızın tələb etdiyi ağıllı siyasətə dönəcəklərinə ümid edirik. Türkiyə müttəfiqlik münasibəti olan hər bir dövlətin və qurumun qanunlarına hörmətlə yanaşır. Onlardan da öz qanunlarına eyni şəkildə hörmət etmələrini gözləyir. Bu tarazlığı qurmaq mümkün olmazsa, hər kəsin öz siyasətini müəyyən etmək, öz yolunu seçməsi qanuni hüquqa çevrilir. Biz müttəfiqlərimizlə birlikdə təhlükəsiz, dinc və firavan ümumi gələcəyə doğru addımlamaq istəyirik. Bu ölkə artıq məcburiyyətlərlə, gizli və ya açıq siyasi oyunlarla, məkrli iqtisadi tələlərlə idarə oluna bilməz. Hər kəs bunu qəbul etməlidir”, - Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğanın fikirlərinə münasibət bildirən "İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyənin terrora qarşı mübarizəsi bu günün məsələsi deyil:
"Uzun illərdir ki, Türkiyənin xarici siyasətindən narahat olan beynəlxalq güclər terror qruplaşmaları vasitəsilə qardaş ölkənin təhlükəsizliyini təhdid edirlər. Eyni zamanda Türkiyəni öz çirkin niyyətlərinə tabe etdirməyə çalışırlar. Şübhəsiz ki, artıq regionun və dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilən Türkiyənin bu terror hücumları qarşısında baş əyəcəyi qətiyyən gözlənilən deyil.
Ona görə də, Rəcəb Tayyib Ərdoğanın dediyi fikirlər hər zaman olduğu kimi yerində verilmiş açıqlamalardır. Türkiyə terror qruplaşmalarına qarşı bundan sonra da öz mübarizəsini davam etdirəcək. Terror qruplaşmalarının harada olmalarından asılı olmayaraq, Türkiyə öz vətandaşlarının təhlükəsizlik və sabitliyini qorumaq üçün bu addımlarını atacaq. Qardaş ölkəmizin terrorçulara qarşı mübarizəsi beynəlxalq hüququn və Türkiyənin Konstitusiyasının tələbidir.
Hər bir dövlətin öz vətəndaşlarını qorumaq hüququ və öhdəliyi var. Ona görə də, Türkiyənin bu addımları alqışlanmalıdır. Bu tək Türkiyənin deyil, regionun təhlükəsizliyi üçün mühüm bir addımdır. Terrorçuları maliyyələşdirərək artıran, müxtəlif silah-sursatla təmin edən, yerləşmək üçün logistika imkanları yaradanlar var və həmişə olacaq. Ancaq bunların heç biri Türkiyənin terrora qarşı mübarizəsini dayandıra bilməz. Qardaş ölkənin bu mübarizəsini bütün mütərəqqi qüvvələr dəstəkləyir".