“Moskva Bakı ilə İrəvan arasında sülh planının gələcək inkişafı üçün ilk növbədə iki ölkənin Xarici İşlər Nazirliklərinin (XİN) rəhbərləri səviyyəsində danışıqları təşkil etməyə hazırdır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.
“Gündəlikdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh sazişinin hazırlanması məsələsi qalır. Rusiya tərəfi təbii ki, bu məsələdə tərəfdaşlarımıza hər cür yardım göstərməyə hazırdır. Xüsusilə Moskvada, istənilən formatda danışıqların təşkilinə hazırıq", - o bildirib.
Rusiya Prezidenti Vladimir Putinin fikirlərinə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu Cənubi Qafqaz uğrunda Rusiya və Qərb arasında mübarizəni bir daha ortalığa qoyur:
"Bütün bunların hamısı Azərbaycan Ermənistan münaqişəsi üzərindən aparılır. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı yeni görüşlərin təşkili planlaşdırılır. ABŞ başda olmaqla Avropa Birliyi Brüsseldə ayın sonunda hazırlıqlara başlayıb. Digər tərəfdə isə Rusiya regional ölkə olaraq Qərbin prosesə müdaxiləsinin qarşısını almağa çalışır. Çünki Ermənistanın tədricən Rusiyanın orbitindən uzaqlaşmağa davam etdiyini hiss edir. Ermənistanın addımı artıq Şimal qonşumuzu narahat etməyə başlayıb. Ona görə də, bütün məsələləri regional səviyyədə həll etmək təşəbbüsünü yenidən ortaya qoyur. Əslində bu, Azərbaycan və qardaş ölkə Türkiyənin birgə fəaliyyəti idi ki, bütün problemlər "3+3" platformasında həll edilsin. Yəni, Cənubi Qafqazın üç dövləti və region ölkələri olan Rusiya, Türkiyə İran da daxil olmaqla əməkdaşlıq və sülh çərçivəsində bu problemi həll etmək düşünülürdü. Ancaq əvvəlcə məsələyə isti yanaşılmadı. İran və Ermənistan Qərbdəki havadarlarının vasitəsilə prosesdə əngəl törətdilər. İndi isə yenidən regional formatda bütün problemlərin həlli gündəmə gəlib. Rusiya burada təkcə deyil. Türkiyə, Azərbaycan hətta İran belə regional "3+3" platformasında bütün problemlərin həllinə təşəbbüs göstərir. Bu məsələ bütün region dövlətlərinin maraq dairəsindədir. Ona görə də, Rusiya yenidən qolunu çırmalayıb. Çünki Ermənistanın bundan birmənalı imtina etməsi mümkün deyil. Qərb dünyasında Ermənistanı hansı səviyyədə müdafiə etmələrindən asılı olmayaraq, Nikol Paşinyan hakimiyyəti region ölkələri ilə normal münasibətlər qurmalıdır. Əks təqdirdə Ermənistan dövlətinin gələcəyi yoxdur. Ona görə də, bu cür regional görüşlərdən, platformalardan birmənalı olaraq Ermənistan imtina edə bilməz".
Analitik onu da qeyd edib ki, Ermənistanı Rusiyanın orbitindən və nüvəsi olduğu bütün təşkilatlardan çıxarmağa təhrik edən Fransa, ABŞ, Avropa Birliyi kimi güc mərkəzləri mövcuddur:
"Şimal qonşumuz regionda hərbi cəhətdən qalma vasitəsi kimi baxdığı Qarabağ məsələsindən təxribat elementi olaraq istifadə edə bilmir. Çünki artıq Qarabağ problemi bitib. Azərbaycan bu məsələdə ən ciddi əngəl olan qanunsuz silahlı birləşmələri ləğv etdi. Rusiyanın Qarabağ üzərindən oynamaq və Azərbaycana təsir etmək imkanları real deyil. Rusiya növbəti dəfə sülh prosesindən danışır və həqiqətən məsələdə maraqlıdır. Çünki Şimal qonşumuz problemi həll etsə, dolayısıyla Qərbin regiona müdaxiləsinin qarşısını almış olacaq. Eyni zamanda yenidən Rusiyanın regionda varlığı və təsir imkanları mövcud olacaq. Ermənistanın məsələyə münasibətini isə yaxın gələcəkdə görəcəyik. Nikol Paşinyan MDB-nin Bişkekdə keçrilən tədbirində Rusiyanın təşəbbüsü ilə baş tutacaq Azərbaycan-Ermənistan Xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində görüşdən imtina etdi. Ermənistanın açıq şəkildə Rusiyanın moderatorluğu altında keçrilən görüşlərdən üz döndərməsi anlamına gəlir. Bu isə Ermənistan havadarları olan Qərb dünyasının sifarişi ilə edilir. Ermənistanın prosesi nə vaxta qədər sabotaj edəcəyini yaxın gələcəkdə görə biləcəyik".