Esrin Tatarın gözlənilən səfəri: Türk dünyasına yeni nəfəs - RƏY

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Fəxri qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

Şimali Kipr Türk Respublikasının Prezidenti həmçinin xatirə dəftərinə də ürək sözlərini yazıb.

Eyni zamanda fəxri qonaq “Türk şəhidliyi” abidəsini də ziyarət edib.

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Esrin Tatarın Azərbaycana ilk səfərini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Azər Həsrət bildirib ki, bu bizim xeyli müddətdir gözlədiyimiz məqam idi:

"Hər kəs digər Türk dövlətlərinin rəhbərləri kimi Şimali Kipr Türk Respublikasının Prezidentinin də Azərbaycana gəlməsini arzu edirdi. Eyni zamanda Şimali Kipr ilə Azərbaycan arasındakı əlaqələrin daha yüksək səviyyəyə qalxmasını gözləyirdik. Bu baxımdan hörmətli Ersin Tatarın səfəri olduqca əlamətdar hadisədir. Bu hər iki tərəf üçün gərəkli və faydalıdır. Həmçinin, nəzərə almalıyıq ki, Şimali Kipr  Azərbaycanın da qurucularından olduğu Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Ona görə də, Esrin Tatarın Azərbaycana səfər etməməsi doğru sayılmazdı. Digər tərəfdən Ersin Tatarın növbəti belə səfərləri Orta Asiya Türk dövlətlərinə edilməlidir. Çünki Şimali Kipr Türk Dövlətləri Təşkilatının ayrılmaz bir parçasıdır.  Bundan sonra Azərbaycan Şimali Kiprin dövlət kimi rəsmi tanınması məsələsini nəzərdən keçirməyə başlayacaq. Hətta iki il öncə İstanbulda olarkən şəxsən Esrin Tatar ilə görüşümüz olmuşdu. Ona,  arzumu ifadə edərək bildirmişdim ki, sizi tezliklə Azərbaycanda görmək istəyərik. Qarşılığında isə böyük həvəslə Azərbaycana gəlməyə hazır olduğunu qeyd etmişdi. İndi isə biz Azərbaycanın Şimali Kipri dövlət olaraq rəsmən tanıyacağı günü gözləməyə başlayırıq. Yəqin ki, digər istəklərimiz kimi bu da həyata keçəcək. Esrin Tatarın Azərbaycana səfəri bütövlükdə Türk dünyasına bir nəfəs gətirdi və  yeni imkanların qapısını açdı".