Bölgə müharibəsinin ayaq səsləri: ABŞ nə istəyir? - Qərbin riyakar siyasəti

ABŞ Dövlət katibi Entoni Blinken İordaniyanın paytaxtı Əmmanda Fələstin Müxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşüb.

Bu barədə “İndependent” məlumat yayıb.

Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Blinkenin Yaxın Şərqə səfərlərinin heç bir əhəmiyyəti olmayacaq:


"Blinken yaxın Şərqə gələrək, bir çox ərəb liderləri ilə görüşəcək. Onların istəyi müharibəni dayandırmaq və HƏMAS-a şans verməkdən ibarət deyil. Əgər ABŞ-nin savaşı saxlamaq niyyəti olsa idi, oraya diplomatik mövqedən yaxınlaşardı və silah-sursat göndərməzdi. Entoni Blinken təsadüfi olaraq  Benjamin Netanyahunun yanında olduğunu demir.  Planlar daha genişdir. Bu qığılcım ətrafında böyük bir bölgə müharibəsi də yarana bilər. Çünki istər-istəməz İsrail İrana qarşı hücum etməyə hazır olduğunu bildirir. Ancaq onun İrana güc gəlmək üçün çox məhdud imkanları var. Ola bilsin ki, "Hizbullah" İsrailə hücum etsə, "İslamı Cihad" təşkilatı proseslərə qatılsa, İran da kənarda qalmasın. Ancaq İran ilə bağlı qətiyyətli plana başlamaqları gözlənilən deyil. Mahmud Abbas və HƏMAS-ın əlaqələri önəmli məsələ deyil. Sadəcə olaraq Mahmud Abbas İordaniya çayının Qərb  sahilindəki bölgəyə, HƏMAS isə Qəzza ərazisinə nəzarət edir. Onlar arasında münasibətlər kəskin şəkildə çökdü deyə, parçalanaraq ayrı-ayrı tərəflərdə əyləşiblər. İsrail isə bundan hər zaman istifadə edirdi. Bu proseslərin hamısı əvvəlcədən cızılmış plan əsasında baş verirdi. Ümumiyyətlə, bu görüşlər müharibənin qarşısını almağa hesablanmayıb. Məqsəd  Qəzzada insanları tələf etməkdən və hərbi qrupları başsız qoyub, terrorist adlandıraraq ləğv etməkdən ibarətdir. İsrail eyni zamanda boş bir ərazini nəzarətinə götürmək istəyir. "Rəfah" nəzarət-buraxılış məntəqəsi Misirə tərəf açılır. Misir Prezidenti Abdel Fatton es-Sisi və İsrailin siyasi rəhbəri arasında çox yaxın münasibətlər var. Ona görə də, İsraildə "Rəfah" buraxılış məntəqəsi açılacaq. Təssüf ki, bu cavan oğlanlar üçün deyil, qadınlar və uşaqların çıxarılması məqsədilə açıla bilər. Qəzza bölgəsi üç milyona yaxın insanın olduğu böyük bir zindandır. İnsanlara orada terrorist adı  qoymaq düzgün siyasətin nəticəsi deyil. O qədər xalq terrorist ola bilməz. Qərb isə yenə riyakarlıq edir. Təbii ki, İsrail bu hücuma sakit qalmalı deyildi. Amma nəzərə alaq ki, indiki vəziyyət uzun illər davam edən mənfur planın bariz nəticəsidir".

Qeyd edək ki, Blinken ötən gün İsraildə səfərdə idi. O, İsrail-HƏMAS müharibəsini müzakirə etmək üçün ərəb ölkələrinə səfərə çıxıb.