Qarabağ Zəfəri Qərbi Azərbaycana qayıdış üçün mayakdır - TƏHLİL 


Elmir Səftərov
Siyasi şərhçi

Otuz ilə yaxın bir müddətdə torpaqlarının işğal olunduğu tarixləri və anım günlərini qeyd edən bir xalq artıq 3 ildir ki, Zəfər Gününu böyük qürurla, baş ucalığı ilə bayram edir. Bu əzəmətli gün Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin, gücünün, xalqımızın isə cəsarətinin, qorxmazlığının, birliyinin, vətənpərvərliyinin, ədalətliliyinin rəmzidir.

Hər qalibiyyətin zəfərlə nəticələnmədiyini, ədalətə söykənmədiyini 30 illik erməni işğalı bütün dünyaya əyani şəkildə göstərdi, eynilə, işğal və fəth sözlərinin nə qədər dərin məna kəsb etməsi kimi. Azərbaycanın şərəfli, beynəlxalq hüquqa əsaslanan terrorçuları torpaqlarımızdan qovması müharibəsi isə bütün yönlərindən tədqiq edilən, bir örnək alınacaq əməliyyat kimi diqqətləri cəlb edir. Vətən müharibəmiz ABŞ, Fransa, Kanada və digər nüfüzlü və dünyada söz sahibi olan dövlətlərin örnək alacağı əxlaqlı bir müharibə idi. Əxlaqlı, ədalətli müharibə olurmu? Bəli, oldu... Bunu Azərbaycan beynəlxalq hüququn işləmədiyi dünyaya göstərdi. 

Hazırkı qarışıq, səbirsiz, tərəfdaşların və əməkdaşlıqların situativ olduğu geosiyasi konfuqrasiyaya nəzər salaq, baş verən müharibələrdə dəhşətli insanlıq cinayətlərinin şahidi olarıq. Belə ki, heç bir humanitar normalara məhəl qoymayan, özünü dövlət deyil, terror təşkilatı kimi aparan ölkələr müharibədə təkcə hərbi obeyktləri yox, sivilləri də hədəf alır, uşaqları, qadınları, xəstələri, yaşlıları, qocaları vəhşicəsinə öldürür, xəstəxanaları bombalayır. Azərbaycan isə bu il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə özünü qorumaq üçün mülki əhalinin arasında gizlənən terrorçuları belə hədəf almadı. Çünki bu zaman sivillərə zərər deyə bilərdi. Halbuki, 30 il ərzində azərbaycanlıları işgəncələrlə öldürən, onları öz evlərindən zorla çıxaran, ərazilərimizdəki bütün infrastrukturu məhv edən bir topluma nə etsək haqqımız idi. Amma Azərbaycan bütün ölkələr üçün nümunə olacaq humanistlik etdi. Dünyada ölkəmizin bu addımının isə hələki alternativi yoxdur. 

Təbii ki, dövlətin doğru zamanda, dorğu addımı atmasına yön verən, uzaqgörən lideri olmadan real uğurlar qazanması mümkün deyil. Ona görə də hər bir dövlətin gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran Liderə ehtiyacı var. Azərbaycan dövləti və xalqı bu cəhtdən xoşbəxtdir ki, onun Prezident İlham Əliyev kimi Ali Baş Komandanı və müzəffər Ordusu var. Tarixi Qələbəni, ədalətli Zəfəri qazanmağımıza zəmin yaradan proseslərə nəzər salsaq, nə cür çətin yollardan keçdiyimizi görərik. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda vaxtilə həyata keçirilən bir çox iqtisadi layihələr, siyasi arenada atılan addımlar illər sonra tam yeni bir keyfiyyət yaratdı. Azərbaycanın fəal diplomatiyası sayəsində uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiya bugünkü uğurlarımızı reallaşdırdı. 
Azərbaycanın haqq işinə mane olan olan güclərin müqaviməti sındırıldı və tarixi ədalətin bərpa edilməsi üçün hüquqi əsaslar hazırlandı. 
Azərbaycana, həmçinin dövlətimizin başçısına olunan təzyiqlərə baxmayaraq, ordumuzun hərbi arsenalı ən müasir silahlarla təzhic olundu, Silahlı Qüvvələrimiz Türkiyə, Pakistan, həmçinin türk dövlətləri ilə genişmiqyaslı təlimlər keçirdi. Bu da ordunun döyüş fəaliyyətini yüksəltdi. 
Qardaş Türkiyənin müharibənin ilk saatlarından indiyədək yanımızda olması, beynəlxalq kluarlarda Qarabağın Azərbaycanın suveren ərazisi olmasını Prezident Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxsləri vasitəsilə bəyan etməsi, Vətən müharibəsindən Xankəndidə Azərbaycan Bayrağının daldanamasınadək olan zaman kəsiyində böyük əhəmiyyət kəsb edirdi.
Bundan əlavə, Prezident-Xalq-Ordu birliyin “Dəmir yumruq” kimi vəhdət təşkil etməsi tarixi Qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu. Azərbaycan xalqının Prezidentinə inanması, Ordusuna ürəkdən dəstək verməsi, güvənməsi Zəfərin əldə edilməsində vacib faktorlar kimi diqqətləri cəlb edir. 

Qarabağ Zəfəri Qərbi Azərbaycan məsələsində irəli getməyimiz üçün mayak, Türk dünyasının birləşməsinə isə böyük bir addım oldu. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası növbəti zəfərlər, qələbələr üçün təkan verərək, növbəti planları həyata keçirməyimiz üçün zəmin yaradacaq. 

Bu gün Zəfər Günündə Xankəndidə Prezident İlham Əliyevin də iştirakı ilə keçirilən parad Azərbaycan dövlətinin qüdrətinin, mütəqilliyinin rəmzi kimi bütün dünyaya ünvanlanan bir mesaj kimi gələcək nəsillər tərəfindən də qürurla xatırlanacaq. Həmçinin Zəfər salnaməmizin unudulmaz səhifələri kimi tariximizə həkk olunacaq.